“Ailəm könüllüləri” proqramı çərçivəsində maarifləndirici təlimlər keçirilib

25 may 2026 16:23

Paylaş:

  2026-cı ilin fevral–may ayları ərzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Ailəm könüllüləri” proqramı çərçivəsindəkönüllülər və istehsalat təcrübəsi keçən tələbələr üçün silsilə maarifləndirici görüşlər təşkil edilib. Təlimlər gənclərin peşəkar bacarıqlarının artırılması, milli-mənəvi dəyərlərin aşılanması və sosial məsuliyyət hissinin gücləndirilməsi məqsədilə aşağıdakı mövzuları əhatə edib.

Təlimlər çərçivəsində Komitənin əməkdaşları Rafiq Mahmudov iş axtarışı metodları və əmək bazarının təhlili, Hüquq təminatı şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Məişət zorakılığı və gender əsaslı zorakılıq”, gender məsələlərinə həsr olunan sessiyalarda isə Gendere və Qadın Məsələləri şöbsinin əməkdşı Xumar İlqar qızı erkən nikahlarla mübarizə və iş mühitində gender həssaslığı mövzularında könüllüləri məlumatlandırıblar. Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev isə “Narkomaniyanın reallığı” mövzusunda çıxış edib.

Təlimlər çərçivəsində ailə institutunun möhkəmləndirilməsi ilə bağlı mövzulara da yer verilib. Ailə məsələləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli “Ailə. Dəyərlər və ənənələr” mövzusunda ailə institutunun qorunması və sağlam ailədaxili münasibətlərin əhəmiyyətindən, Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli isə “Keys menecment – keyslərin idarə edilməsi” mövzusunda müraciətlərlə iş və məxfiliyin qorunması mexanizmlərindən bəhs edib.

Bununla yanaşı, iştirakçılar dövlət qulluğu və media sahəsində maarifləndirilib. Daxili nəzarət sektorunun əməkdaşı Roza Şamıyeva dövlət qulluğuna qəbul qaydaları, müsabiqə mərhələləri və etik davranış qaydaları barədə könüllülərlə görüş keçirib. Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva isə media məkanında ailə, qadın və uşaq məsələlərinin işıqlandırılmasının hüquqi və etik prinsipləri barədə məlumat verib.

Qeyd olunub ki, keçirilən bu cür maarifləndirici təlim və görüşlər gənclərin bilik və bacarıqlarının artırılması, şəxsi inkişafı və fəal vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Bu məqsədlə “Ailəm könüllüləri” proqramı çərçivəsində tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.