“Ailə saatı” layihəsinə start verilib

14 may 2026 12:41

Paylaş:

 

15 may “Beynəlxalq Ailə Günü” ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə“Ailə saatı” layihəsinə start verilib.

13 may 2026-ci il tarixində Bakı şəhərində Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzində valideynlər və uşaqların iştirakı ilə Layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib. Layihənin əsas məqsədi isə ailədaxili ünsiyyətin möhkəmləndirilməsi, valideyn-övlad münasibətlərinin inkişaf etdirilməsi, uşaqlarda mütaliə vərdişlərinin təşviqi və rəqəmsal mühitdə təhlükəsiz davranış bacarıqlarının artırılmasıdır.

“Ailə saatı” ailələrin birgə keyfiyyətli vaxt keçirməsini təşviq etməklə yanaşı, uşaqların sağlam inkişafı, müasir dövrün çağırışları fonunda valideynlərin maarifləndirilməsi və ailə dəyərlərinin təbliğinə xidmət edir.

Tədbir zamanı Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı  Ləman Mahmudova iştirakçıları salamlayaraq, mövzunun aktuallığını qeyd edib. Daha sonra Simart Platformasının təmsilçisi Şəbnəm Həsənəlizadə və yazıçı Reyhan Yusifqızı tərəfindən uşaqlarla mütaliənin əhəmiyyəti, düzgün informasiya seçimi, internetdən təhlükəsiz istifadə qaydaları və rəqəmsal davranış mədəniyyəti mövzularında interaktiv müzakirələr aparılıb.

Çıxışçılar uşaqlara kitab oxumağın şəxsi inkişafda rolu, rəqəmsal mühitdə qarşılaşa biləcəkləri risklər və təhlükələrdən qorunma yolları barədə məlumatlar verib, maarifləndirici tövsiyələr səsləndiriblər.

Görüşdə uşaqlar üçün müxtəlif istiqamətlər üzrə yaradıcı və interaktiv master-klasslar təşkil olunub, mütaliəni təşviq edən və təhlükəsiz internet istifadəsinə dair maarifləndirici animasiya çarxları nümayiş etdirilib.

Layihə çərçivəsində maarifləndirici tədbirlər davam etdiriləcəkdir.