Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 14 may 2024-cü il tarixində növbəti interaktiv təlim keçirilib

15 may 2024 11:55

Paylaş:

 “Çətin həyat şəraitində olan uşaqların yerləşdirilməsi” mövzusunda Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şərqi Zəngəzur regionları üzrə icra hakimiyyətləri və Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə onlayn qaydada keçirilən təlimin məqsədi çətin həyat şəraitində olan uşaqların dövlət uşaq müəssisəsinə yerləşdirilməsi sahəsində qurumlararası işin gücləndirilməsi, uşaq hüquqlarının qorunması istiqamətində qarşıya çıxan mühüm məsələlərlə bağlı müzakirələr aparmaqdır.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli uşaq hüquqlarının müdafiəsi sahəsində qarşıya çıxan mühüm məsələlərin müzakirə olunmasının, qurumlararası işin koordinasiyasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.  

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəis müavini Rüstəm Rüstəmov, Nazirliyin tabeliyindəSosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov və həmin departamentin Qiymətləndirmə şöbəsinin müdiri Elnarə Cavadova ekspert qismində çıxış edərək, iştirakçılara sözügedən məsələ barədə mövcud qanunvericilik aktları, valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsisteminə çətin həyat şəraitində olan uşaqların yerləşdirilməsi qaydası, eləcə də həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər.

Yerli icra hakimiyyəti orqanları və Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin 50-yə yaxın əməkdaşının iştirak etdiyi təlimin sonunda ekspertlər tərəfindən suallar cavablandırılıb. 

Qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi istiqamətində mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə digər aktual mövzularla bağlı təlimlər davam edir.