“Ailə, qadın və uşaq məsələləri televiziya məkanında – işıqlandırma prinsipləri: qanunvericilik və etik məqamlar” mövzusunda təlim keçirilib
Paylaş:
16-17 mart 2026-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Ailəm” könüllüləri və Komitədə təcrübə keçən universitet tələbələrinin iştirakı ilə “Ailə, qadın və uşaq məsələləri televiziya məkanında - işıqlandırma prinsipləri: qanunvericilik və etik məqamlar” mövzusunda təlimkeçirilib.
Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayevanın apardığı təlim zamanı ailə, qadın və uşaq məsələlərinin media məkanında işıqlandırılmasının hüquqi və etik əsasları barədə məlumat verilib. Bildirilib ki, bu mövzular mediada işıqlandırılarkən insan hüquq və azadlıqlarına, şəxsi həyatın toxunulmazlığına, uşaqların ali mənafeyinə və gender həssaslığı prinsipinə xüsusi diqqət yetirilməlidir.
Həmçinin beynəlxalq prinsiplər, milli qanunvericiliyin tələbləri, eləcə də jurnalist etikası çərçivəsində ailə münasibətləri, qadın hüquqları, uşaqların müdafiəsi və zərərli informasiyadan qorunması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin reytinq naminə həssas həyat hekayələrinin sensasion formada təqdim olunmasının yaratdığı mənfi nəticələrdən bəhs edilib, media nümayəndələrinin bu sahədə peşəkar və məsuliyyətli yanaşmasının vacibliyi vurğulanıb.
Təlim çərçivəsində iştirakçılarla interaktiv müzakirələr aparılıb, praktik situasiyalar əsasında etik yanaşmalar təhlil olunub, mövzu üzrə suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi