"Ailə həyatına hazırlıq" mövzusunda keçirilən təlim proqramı yekunlaşıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin birgə təşkilatçılığı ilə 9-22 may 2026-cı il tarixlərində "Ailə həyatına hazırlıq" mövzusunda genişmiqyaslı təlim proqramı keçirilib. Təlimlərdə paytaxt və regionlardan olan 220 ailə iştirak edib.
Təlimlərin keçirilməsində məqsəd cəmiyyətin təməli olan ailə institutunun möhkəmləndirilməsi və gənclərin bu məsuliyyətli mərhələyə mənəvi-psixoloji cəhətdən hazırlanmasıdır.
Təlimçi-psixoloqlar Əsli Zeynalabdinova və Aygün İsmayılova təlimlərdə cütlüklərin emosional hazırlığı, effektiv ünsiyyət və empatiya bacarıqları, rol bölgüsü və gözləntilər barədə məlumat verilib, ailə həyatının müxtəlif mərhələlərində yarana biləcək stress amilləri ilə mübarizə üsullarından danışıblar.
İnteraktiv formatda keçirilən təlimlər ailələr tərəfindən böyük maraqla qarşılanıb. Yekunda iştirakçılara ailə daxilində emosional bağları gücləndirmək, konfliktlərin həllinə dair praktik tövsiyələri özündə əks etdirən maarifləndirici materiallar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, İsmayıllıda təşkil edilən təlimdən əvvəl İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 3 cütlüyün kollektiv nikah mərasimi təşkil olunub. Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyəti, eləcə də rayonun müxtəlif qurumlarının nümayəndələri, şəhər bələdiyyəsinin əməkdaşları iştirak ediblər. Nikah mərasimində İsmayıllı rayon Qeydiyyat Şöbəsinin əməkdaşı Rəvayət Sərdərova yeni ailə quran cütlükləri təbrik edərək, onlara nikah şəhadətnamələrini təqdim edib və xoşbəxt ailə həyatı arzulayıb.
Təlim proqramı Bakının Xəzər rayonu, eləcə də Hacıqabul, Sabirabad, Saatlı, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Ağdam, Zaqatala rayonlarında həyata keçirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi