Ağcabədidə məktəblilər üçün “Sağlam həyat, sağlam ətraf mühit” mövzusunda maarifləndirici təlim keçirilib

2 fevral 2026 17:49

Paylaş:

2 fevral 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ağcabədi regional “ASAN xidmət” mərkəzinin dəstəyi ilə  “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müvafiq bəndinə əsasən yuxarı sinif şagirdləri üçün “Sağlam həyat, sağlam ətraf mühit” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim zamanı Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev çıxış edərək, uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti və həyata keçirilən tədbirlər barədə məlumat verib. O, uşaqların inkişafı üçün sağlam və təhlükəsiz mühitdə yaşamağın vacibliyindən bəhs edib.

Daha sonra Ağcabədi regional “ASAN xidmət” mərkəzinin direktor müavini Şamxal Həsənov çıxışında dövlətin sağlam ətraf mühitin qorunması və əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi siyasət tədbirlərindən danışıb. O, xüsusilə könüllülük fəaliyyətinin cəmiyyətin inkişafında və gənclərin fəal vətəndaş kimi formalaşmasında əhəmiyyətini qeyd edib.

Sonda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Sevinc Bağırova çıxış edərək sağlamlığın qorunması, düzgün qidalanma, fiziki aktivlik və sağlam həyat tərzinin faydaları barədə şagirdlərə praktik tövsiyələr verib.

Təlim interaktiv formatda keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb. Sonda mövzu ilə əlaqəli bukletlər paylanıb, xatirə şəkli çəkilib.