7 oktyabr Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin yarandığı gündür
Paylaş:
1901-ci il oktyabrın 7-də böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü və bir neçə il davam edən səyləri nəticəsində Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başladı.
"Tağıyevin məktəbi" kimi tanınan bu təhsil ocağı ilk qığılcım kimi cəmiyyətimizin maarif və təhsil sahəsində canlanma yaratdı. Bu məktəbin məzunları daha sonra Azərbaycan xalqının həyatında böyük rol oynayıb, onun maarifçiliyinə töhfə verdilər.
Məktəbi bitirən Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan Liza Muxtarova, Züleyxa xanım Vəliyeva və onlarla qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarına çevrilirlər.
Cəmiyyətimizin təhsil və maarifçilik tarixində dönüş nöqtəsi olan qızlar məktəbi illər keçsə də xatırlanacaq, nəsildən-nəslə əvəzsiz nümunə kimi yad ediləcəkdir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi