5 gün davam edən hakatona yekun vuruldu və iti zəkası ilə seçilən qaliblər mükafatlandırıldı

4 iyul 2024 10:40

Paylaş:

4 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində 14-17 yaşlı uşaqlar arasında keçirilən “ITi Zəka-2” hakatonunun mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçı uşaqların bir sıra seçim turlarını keçərək hakatona qatılmaq hüququ qazandığını qeyd edərək, müsabiqənin yekun hissəsinin həm də növbəti uğurların başlanğıcı olduğunu bildirib.

Ötən hakatonla müqayisədə bu gün uşaqların daha çox maraqla hakatona qoşulduğunu və komanda sayının artdığını vurğulayan Komitə sədri, hakatonun iştirakçıları arasında qızların da xüsusi çəkisinin olduğunu, onların informasiya texnologiyalarına artan marağının sevindirici hal olduğunu bildirib.

“Azərbaycanın hazırki inkişaf səviyyəsi və ölkəmizin bu sahədə qarşıya qoyduğu hədəflər, eləcə də yeritdiyi siyasət gələcəkdə öz yaxşı nəticələrini mütləq şəkildə göstərəcəkdir” deyən B. Muradova bu gün informasiya-kommunikasiya texnologiyalarının bütün dünyada vacib sahələrdən olduğunu, inkişafın əsas istinad nöqtəsi kimi qəbul edildiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda uşaqlar arasında kibertəhlükəsizliyin təmin edilməsinə, İKT-nin inkişafına ciddi diqqət yetirilir, bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirilir.

O, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildiyini qeyd edərək, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” AR-nın Qanunu, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” və digər mühüm əhəmiyyət kəsb edən sənədlərin icrası istiqamətində məlumatları diqqətə çatdırıb.

Komitə rəsmisi bildirib ki, bu gün qarşımızda duran əsas vəzifə, işğaldan azad olunmuş ərazilərə daha çox vətəndaşın öz yurdlarına sürətli qayıtması, onların məskunlaşması, təhsil və sağlamlığının yüksək şəkildə təmin olunması, bunun üçün infrastrukturun yaradılmasıdır: “Sıfırdan başlanan quruculuq-abadlıq işləri ən yüksək texnologiyalara əsaslanaraq həyata keçirilir. “Ağıllı kəndlər, ağıllı şəhərlər” salınır və burada məskunlaşan ailələrdə böyüyən uşaqlar da bu tələblərə cavab verəcək səviyyədə hazırlanırlar”-deyə, o əlavə edib.

Çıxışının sonunda iştirakçıları təbrik edən B. Muradova onların informasiya cəmiyyətində çox iti və çevik şəkildə hər gün dəyişən cəmiyyətdə cavab tədbirlərinə daim hazır olmalarının vacibliyini vurğulayıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib ki, təmsil etdiyi qurum innovasiya və sosial sahələrdə həyata keçirilən layihələrə və startaplara dəstək verir. O, “Bilim Bakı” mərkəzi və “Deneyap” texnologiya laboratoriyası haqqında məlumat verərək, qeyd edib ki, bu layihələr çərçivəsində müxtəlif təlimlər, laboratoriya konseptləri, təhsil modeli icra edilir. Lənkəranda gənclər üçün üç günlük innovativ ideyalar kampının olacağına da diqqət çəkən C. Salmanov əlavə edib ki, “Asan könüllüləri” təşkilatı da innovasiya istiqamətində tədbirlərə dəstək verir.

İdeyaların formalaşması, parlaq ideyaların sahibi olmaq məhz uşaq yaşlarından başlayır deyən sədr müavini, “Iti zəka” hakatonunun da bu baxımdan xüsusi əhəmiyyətli olduğunu vurğulayıb. 530 uşağın öz istəyi ilə hakatona müraciət edərək, aralarından 93 nəfərin finala kimi gəlib çıxmasının özünün də böyük uğur olduğunu qeyd edən C. Salmanov bildirib ki, hakaton həm də komandalar yaratmaq, innovativ düşüncə tərzi formalaşdırmaq baxımından vacibdir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsil sistemində rəqəmsallaşma və innovasiyanın tətbiqi barədə çıxış edib. O, süni intellektin inkişafını vurğulayaraq, gənclərin özünü idarəetmə bacarığının inkişafı, yeni tanışlıqlar əldə etmək üçün belə intellektual yarışmaların təşkil edilməsinin əhəmiyyətini qeyd edib. F. Qurbanov əlavə edib ki, dünya nə qədər “robotlaşmağa” doğru getsə də, ölkənin gələcəyi insan kapitalına bağlıdır və gənc nəslin nümayəndələri bütün yeni çağırışlara hazır olmalıdırlar.

Texnoloji innovasiyalar dövründə yaşadığımızı diqqətə çatdıran gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib ki, gələcəyimizi texnologiyasız, innovasiyalarsız təsəvvür etmək artıq qeyri-mümkündür. Buna görə də dünyaya inteqrasiya və inkişaf üçün texniki elmlərə əhəmiyyət vermək lazımdır. Bunun üçün isə hər bir vətəndaşa lazım olan əsas xüsusiyyət vətənpərvərlik hissidir.

Daha sonra Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov dövlət tərəfindən Azərbaycan gəncliyinə daim diqqət göstərildiyini qeyd edib. O əlavə edib ki, uşaqların potensialının üzrə çıxarılmasında əhəmiyyətli olan hakaton, həm də, gəncliyə verilən dəyərin nümunəsidir. Q. Xəlilov uşaqları rəqəmsal bacarıqlar ilə bağlı qrant müsabiqələrdə aktiv iştiraka dəvət edib.

Türkiyənin Bahçeşehir Universitetinin dosenti Yavuz Samur, “Azərbaycan Uşaqlarının İnkişaf Platorması” İctimai Birliyinin icraçı direktoru Nurlan Cəbrayılzadə hakatonun uşaqlara verdiyi töhfəni qeyd ediblər.

Daha sonra Komitənin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva tərəfindən “İTi Zəka-2” hakatonuna dair məlumatları özündə əks etdirən təqdimat nümayiş etdirilib.

Hakatonun mərhələlərini və iştirakçıların hazırlığını əks etdirən videoçarx nümayiş etdirilib. Eyni zamanda hakatona hazırlıq müddətində uşaqlara müxtəlif mövzularda seminarlar keçən təlimçilərə təşəkkürnamələr təqdim edilib.

Davamında Münsiflər tərəfindən qiymətləndirilən üç qalib komanda elan edilib. Belə ki, müsabiqədə birinci yeri “Versetech” komandası, ikinci yeri “SustainabiliTeens”, üçüncü yeri isə "Pedicare" komandası tutub.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, müsabiqənin məqsədi uşaqlara öz hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, innovativ həll yolları ilə bağlı təkliflər irəli sürmək üçün şərait yaratmaq, onlarda kreativ düşüncəni formalaşdırmaq, eyni zamanda, komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək olub.