15 may- Beynəlxalq Ailə Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 15 May – Beynəlxalq Ailə Günü münasibətilə “Ailəmizin psixoloji iqlimi” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
İnteraktiv formatda keçirilən tədbirlərdə mərkəzlərin əməkdaşları, rayon idarə və müəssisələrinin nümayəndələri, müəllimlər, məktəb psixoloqları, valideynlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlərdə çıxış edən ekspertlər ailədaxili münasibətlərdə sağlam psixoloji mühitin formalaşdırılmasının əhəmiyyətindən danışıb, ailə üzvləri arasında qarşılıqlı hörmət, anlayış və effektiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, ailə cəmiyyətin əsas sütunlarından biridir və sağlam ailə münasibətləri insanın psixoloji inkişafında mühüm rol oynayır.
Eyni zamanda, ailə dəyərlərinin gələcək nəsillərə düzgün şəkildə ötürülməsi, valideyn-övlad münasibətlərində qarşılıqlı dəstək və ünsiyyətin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. “Çinartək sığındığımız ailəmiz” və “Ailəmiz–ən dəyərli xəzinəmizdir” adlı videoçarxlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bununla yanaşı tədbirlər çərçivəsində nümunəvi ailələrə səfərlər həyata keçirilib, iştirakçılara “Gənc ailələrə tövsiyələr” adlı maarifləndirici bukletlər paylanılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi