Komitə

Rəhbərlik

Bahar Əvəz qızı Muradova - Sədr

1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirib. 1984-1990-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1994-2000-ci illərdə “Azərbaycan” Universitetində hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alıb.

2009-cu ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi institutlar və sistemlər” ixtisası üzrə “Azərbaycan Respublikası Milli Məclisinin xarici-siyasi əlaqələri: İkitərəfli və çoxtərəfli əməkdaşlıq” mövzusunda elmlər doktoru proqramı üzrə dissertantdır. Əmək fəaliyyətinə 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində başlayıb, 1989 - 1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992 - 1993-cü illərdə “Qayğı” Cəmiyyətinin Yasamal rayon təşkilatının məsul katibi, 1993 - 1995-ci illərdə isə Yasamal Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. 1995 - 2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsində referent vəzifəsində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

1994 - 1999-cu illərdə YAP Yasamal rayonu təşkilatı İdarə Heyətinin üzvü, 1995 - 2009-cu illərdə YAP Qadınlar Şurası sədrinin müavini olub. 1999-cu ildə keçirilən Yeni Azərbaycan Partiyasının I qurultayında Siyasi Şuranın və İdarə Heyətinin üzvü seçilib, 2005-ci ilədək isə YAP icra katibinin müavini olaraq çalışıb. 2013 - 2021-ci illərdə YAP Beynəlxalq Əlaqələr komissiyasının sədri olub. YAP-ın 2021-ci ilin mart ayında keçirilən qurultayında yenidən İdarə Heyətinin üzvü seçilib.

II, III, IV və V çağırışlarda Yeni Azərbaycan Partiyasından Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2000 - 2005–ci illərdə Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü, eyni zamanda Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2005 - 2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, 2015 - 2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri olub. 2005 - 2020-ci illərdə ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, 2008-2020-ci illərdə isə Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olub. 2006-cı ildən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. 2015-2020-ci illərdə isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ailəlidir, bir övladı var.

Təltiflər:

2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

2012-ci ildə ölkəmizdə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Milli Məclisin Fəxri medalı ilə təltif olunub.

2018-ci ildə “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

2022-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

2023-cü ildə "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

2024-cü ildə  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Bir sıra yerli və beynəlxalq mükafatların laureatıdır.