Uşaq Səfirlər Məclisi...İlk könüllü uşaq təşkilatı
Müəllif: Nurlan CƏBRAYILZADƏ, Uşaq Səfirlər Məclisinin koordinatoru
14 mart 2024 12:09
Azərbaycan tarix boyu gələcəyimiz olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Təsadüfi deyil ki, müstəqilliyimizin ilk onilliyində Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanununun hazırlanması uşaqlarımızın – gələcəyimizin inkişafı üçün atılmış zəruri və mühüm addımlardan idi. “Bütün uşaqlar bərabər hüquqlara malikdirlər (maddə 6.)” fikrini əsas götürən qanun bu gün Azərbaycana qalib statusunu daşıyan XX əsrin uşaqları idi ki, əzəli torpaqlarımızı – Qarabağımızı düşmən tapdağından azad etdi, zəfər sədası ilə dünyaya səs saldı. Bunun üçün işıqlı sabahlarımızın carçısı olan uşaqlarımızı qorumaq, onları sağlam fərd, düzgün vətəndaş kimi yetişdirmək hər birimizin əsas vəzifəsinə çevrilib.
İlk könüllü uşaq təşkilatı...
Günümüzdə, o cümlədən 17 illik dövrdə dövlət uşaq siyasətinin və ailə dəyərlərinin keşiyində duran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu illər ərzində bütün qadınlara, insanlara, ən əsası uşaqlara dair hüquqların qorunması və onun əlçatanlığının təmin edilməsi, bu istiqamətdə müvafiq dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin koordinasiyası işini reallaşdırmışdır. Bunun ən bariz və təqdirəlayiq nümunəsi olaraq Dövlət Komitəsi tərəfindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar olaraq 1 iyun tarixində dünya təcrübəsində ilklərdən olan könüllü uşaq təşkilatının əsasının qoyulması oldu.
Uşaq Səfirlər Məclisi...
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova ilə ilk uşaq səfirlərin təsis görüşü keçirildi. O günləri sevinclə xatırlayıram. Həmin görüşə mən və mənimlə birgə 14 uşaq hazırlaşırdı. İlk dəfə uşaqların koordinasiya işi mənə tapşırılımış və görüşdəki önəmli rollardan birini oynamışdım. O gün hörmətli Komitə sədrimiz Bahar xanım Muradovanın qarşısında Məclisin gələcək uğur hekayəsinin əsasında duran “Uşaqdan uşağa” layihəsini təqdim edəndə duyduğum sevinc, qürur və həyəcan hissini indi Məclisimizə yeni seçilmiş uşaq səfirlərdə görmək və bu ailənin genişləndiyinin şahidi olmaq insanı fəxarət hissi ilə coşdurur.
Bəs bu qurum niyə yaranmışdı?
Yarandığımız ilk gün qarşımıza məqsəd qoyduq: “Biz 15 səfir Azərbaycan uşaqlarının səsi olmalıydıq”. Məclisimizin əsas qayəsi uşaq hüquqlarının pozulması və ya ona səbəb ola biləcək hallarla rastlaşdıqda müvafiq məsələlərin aidiyyəti icra orqanı qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirakını təmin etməkdir.
Artıq 3 ilə yaxınlaşan fəaliyyəti dövründə 2 mindən çox sosial aktiv və fəal uşağı öz ətrafında birləşdirən Uşaq Səfirlər Məclisi vahid bir platforma rolunu oynayaraq müxtəlif istiqamətlərdə (uşaq hüquqları, internet təhlükəsizliyi, vətənpərvərlik, fərdi inkişaf və s.) keçirdiyi tədbir, konfrans, təlim və müsabiqləri, həmyaşıdlarının rəğbətini qazanan səfirləri ilə günü-gündən inkişaf edir. Əsas fərqimiz isə uşaqlara daha yaxın olan bizlərin də uşaq olmasıdır...
Rəhbərliyi belə uşaqlardan ibarət olan qurum...
Mən bu Məclisə səfir seçiləndə 15, sədri olanda isə 16 yaşım var idi. 2020-ci ilin iyul ayında fəaliyyətimi yüksək qiymətləndirən və bir uşaq olaraq hüquqların təbliği, qorunması və uşaqların bu istiqamətdə tərbiyəsində rol oynayan işlərə təşəbbüs göstərməyim Məclisə rəhbər kimi təyin edilməyimə səbəb oldu. Amma 3 ilə yaxın dövrdə Uşaq hüquqları konvensiyasının 2-ci bəndini rəhbər tutdum: “Hər birimiz bərabərik”. Apardığım təlimlərdə də qeyd etdiyim kimi biz bir əlin beş barmağı, bir yumruğun ən güclü halına çevrilməliyik. Və biz bunu öz hüquqlarımızı bilməklə, onu təbliğ etməklə nail ola bilərik.
Unudulmaz səfirlərimiz...
Əvvəldə də qeyd etdim ki, müxtəlif dövrlərdə yeni səfirlər gəlmiş və hər şeyin sonu olduğu kimi, fəaliyyətinin sonu gələn amma qəlbi yenədə Uşaq Səfirlər ailəsi ilə döyünən üzvləri var ki, onları qeyd etməsəm haqsızlıq edərəm. Rüfət, Emin, Yunis, Nəcibə, Həyat, Aydan, Riyad, Xədicə, Nəzrin, Gülay, Ramiq, Rifah, Nurel, Abdulla və Əkrəm bu gün də məclisin inkişafı üçün təkliflər verir, ətrafındakı uşaqları USM ailəsinin bir fərdinə çevirmək üçün sevgi ilə çalışırlar. Qeyd etməliyəm ki, Məclis üçün əvəzsiz töhfələr verən və bu gün də bizimlə birlikdə olan keçmiş səfirimiz və hazırda Uşaq Səfirlər Məclisinin koordinatoru olan Əsmər İsmayılova da bu qurumun inkişafı üçün böyük və əvəzsiz səy göstərmiş həmkarımdır. Həmçinin bizlər hər zaman deyirdik: “İnkişaf üçün atılan addımlar təhsilə maneə deyil”. Bunun ən böyük nümunəsi bizim səfirlərimizdir. Onlar Məclisdəki uğurlu fəaliyyətləri ilə yanaşı ölkədaxili və ölkəxarici nüfuzlu ali təhsil müəssisələrinə qəbul olublar ki, bu da Uşaq Səfirlərin gələcək üçün əsl mütəxəssislər yetişdirən bir institut rolunu oynadığının bariz nümunəsidir.
Rəngarəng dünyamız...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisi yarandığı vaxtdan uşaqdan-uşağa fəaliyyət göstərir desəm yanılmaram. Çünki keçirtdiyimiz vətənpərvərlik, ekologiya, “Mənim səsim – mənim hüquqlarım” (silsilə), “Qızlar/oğlanlar müzakirəyə qoşulur” (silsilə), və digər bu kimi mövzularda keçirilən tədbirlər, beynəlxalq konfranslar parlaq gələcəyimizin mühəndisləri olan uşaqlarımızın, onların həmyaşıdlarının yolu ilə inkişafının təmininə xidmət göstərir. Qeyd etdiyim tədbirlər Məclisin keçirdiyi tədbirlərin sadəcə 1/10 hissəsini əhatə edir. Bunun üçün bizim gənc liderlərimiz, fəallarımız haqqındakı düşüncələrimiz çox yüksəkdir. Elə onu demək kifayət edir ki, daim inkişafda olan USM ailəsi hər il yeni bir layihəyə start verdiyi kimi, 2023-cü ildə də iki layihəyə start veribdir. Bunlardan birincisi “Uşaq Səfirlər Məclisinin region nümayəndəlikləri”dir ki, əsas məqsədi 76 regionumuzdan olan uşaqların koordinasiyası təşkil edilsin və dünyamızı gözəlləşdirəcək olan bu fərdlər yalnız paytaxtda yox, regionlarda da inkişaf etsin. Qeyd etməliyəm ki, region uşaqları bu barədə daha da həvəsli və fəaldırlar. İkinci layihəmiz isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Uşaq Səfirlər Məclisinin birgə əməkdaşlığı ilə keçirdiyi “Uşaq Səfirlər Məclisinin ümumtəhsil müəssisələrindəki yerli nümayəndəlikləri”indir ki, pilot olaraq başlayan bu layihənin də əsas məqsədi region nümayəndələrinin yaxın iki ildə daha da təkmilləşdirilməsi yolu ilə nəzarətin daha da gücləndirilməsi və kənarda heç bir uşaq qalmasın. Biz bu yola “Hamımız bir olaq” devizi ilə çıxmışıq. Və ümid edirəm ki, buna da nail olacağıq.
Böyük zəfərimizin forumu...
“Bu forumda qələbəyə doğru yox, qələbədən danışacağıq” dediyimiz Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu hər birimizin yaddaşında xüsusi izlər qoydu. 300 uşağın hibrit şəkildə iştirak etdiyi forumda mən və həmkarım Əsmər İsmayılovanın moderatorluğu, bununla yanaşı respublika miqyaslı bu əhəmiyyətli tədbirin uşaqlar tərəfindən təşkili və idarəsi dünya təcrübəsinə Azərbaycanda uşaqlara göstərilən sevgi və qayğının nümunəsi kimi daxil oldu. Bu gün mən də fəxr edirəm ki, qalib Azərbaycanın qalib övladları kimi keçirdiyimiz ilk forumda iştirak etmiş və həmin yüksək platformadan Qarabağımıza səslənmişəm... Növbəti VI Ümumrespublika Forumunda daha möhtəşəm şəkildə iştirak edəcəyimizə isə heç şübhəm yoxdur.
Dünya arenasındakı qurum...
Düşünülə bilər ki, uşaqlar dövlətin mənafeyini dünya arenasında necə müdafiə edə bilər? Amma biz bunu da bacardıq. 3 il ərzində 10-a yaxın (20-dən artıq dövlətin iştirakı ilə) beynəlxalq konfranslar keçirdik və Azərbaycan həqiqətlərini, müxtəlif dövlətlərdən olan həmyaşıdlarımıza çatdırdıq. Bildirdik ki, əgər biz uşaqlar bir olsaq dünyada sülh bərqərar olar, daha gözəl bir məkana çevrilər. Həmçinin BMT-nin sessiyasında Uşaq Səfirlər Məclisinin adının çəkilməsi, Avropa şurasında Məclisin fəaliyyətinə toxunulması və belə bir qurumun fəaliyyətinin digər dövlətlərdə maraq doğurması USM ailəsinin yorulmaz əməyinin nəticəsidir. Eyni zamanda bizim səfirlərimiz digər dövlətlərdə də bizi təmsil edir. Məsələn ötən il Məclisimizin səfiri Rəfail Əzizli qardaş Türkiyə Cümhuriyyətində keçirilən 23-cü Ulusal Çocuk Forumunda Azərbaycanımızı təmsil etməsi və digər dünya dövlətləri arasında ölkəmizdəki uğurlu uşaq siyasətindən söz açması bizim nüfuzumuzun bilavasitə artmasından xəbər verir.
Onillər boyu davam edəcək birlik...
Bütün qeyd etdiklərim rəhbərlik etdiyim dövrdə Uşaq Səfirlər Məclisinin uğurlu yolunun kiçik bir xəritəsi və təəssüratlarımdan ibarət xülasə idi. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təşəkkürümü bildirir, uşaq yaşımdan “Uşaq hüquqlarının müdafiəçisi” statusunu mənə və mənim timsalımda səfir yoldaşlarıma verdiyi üçün və həmyaşıdlarımın inkişafında rolumun olması üçün mənə şərait yaratdığına görə minnətdarlığımı bildirirəm.
Əziz uşaqlar! Bu gün mən artıq bir Azərbaycan gənci kimi, uşaqlıq dövrünü geridə qoymuş amma gələcək üçün yararlı və uğurlu Azərbaycan vətəndaşlarının yetişməsində qatqısı olan biri kimi bu fikirləri ifadə edirəm. Tövsiyə edirəm ki, həyatda hər zaman bacarmamaqdan qorxmayın. Çünki ən çətin yolları belə asanlaşdırmaq yalnız bizim əlimizdədir. Çünki gələcək bizim əlimizdədir. Çünki BİZİM GƏLƏCƏK, BİZİMLƏ GƏLƏCƏK!