“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib
Müəllif:
27 dekabr 2024 09:30
Azərbaycan Respublikasında uşaq hüquqlarının inkişafı istiqamətində normativ hüquqi aktların təkmilləşdirilməsi prosesi davam edir.
Belə ki, 24 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən aşağıdakı yeni sənədlər təsdiq olunmuşdur:
· “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu;
· 2. “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı.
Qeyd edilən dəyişikliklər aşağıdakı məsələləri əhatə edir:
1. Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətin keyfiyyətinə dair tələblər təsdiq ediləcək.
”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş yeni 29-1-ci maddəyə əsasən, dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətin keyfiyyətinə dair tələblərə uyğun olaraq göstəriləcək.
Qanunvericiliyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin formalarından biri olaraq, uşaq müəssisələrində keçirilən monitorinqlər zamanı qeyd edilən tələblər nəzərə alınacaq.
2. Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar təsdiq ediləcək.
”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əlavə edilən ikinci hissəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
Qeyd edilən monitorinqin aparılması üçün dövlət orqanları (qurumları) fəaliyyət istiqamətləri üzrə həmin meyarlara uyğun olaraq cari il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumatları (göstəricilər əvvəlki illə müqayisəli şəkildə olmaqla) növbəti il yanvarın 15-dək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edəcəklər.
Yuxarıda qeyd olunan dəyişikliklər uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsinə və BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının müddəalarından irəli gələrək ölkəmizin üzərinə düşən öhdəliklərin daha səmərəli şəkildə yerinə yetirilməsinə şərait yaradacaqdır.