Narkomaniya- uçuruma aparan yol !
Müəllif: Nailə İbrahimova, AQUPDK Ailə məsələləri şöbəsinin baş məsləhətçisi
8 oktyabr 2025 11:31
Narkomaniya bu gün cəmiyyətin mənəvi və sosial dayaqlarını sarsıdan, ailələri dağıdan, minlərlə insanın həyatına son qoyan bir bəladır.
Narkomaniya təkcə fərdin şəxsi problemi deyil, bütövlükdə cəmiyyətin qarşısında duran mürəkkəb və çoxşaxəli sosial məsələdir.
Müasir dövrdə bu problem dünyanın əksər ölkələrində olduğu kimi, bizim cəmiyyətimizdə də aktual olaraq qalmaqdadır
Bəşəriyyətin inkişaf etdiyi bir dövrdə, insanın öz əlləri ilə özünü məhv etməsi qədər acı mənzərə yoxdur.
Təəssüflə qeyd edilməlidir ki, narkotik vasitələrə aludəlik bütün dünya üzrə sürətlə yayılır. Ən acınacaqlısı isə odur ki, bu bəlanın qurbanları arasında yeniyetmələrin və gənclərin sayı sürətlə artır.
Yeniyetmələr arasında narkomaniyanın yayılması problemini aktual edən həm də odur ki, müstəqil həyata başlamamış belə şəxslər gələcək həyatlarını, sağlamlıqlarını böyük risk altına qoymaqla yanaşı, həmçinin cəmiyyət üçün təhlükəli olurlar.
Cəmiyyətin inkişafı insan amili ilə birbaşa bağlıdır. İnsan resursları isə sağlamlıq, təhsil, mənəvi dəyərlər və ictimai şüur üzərində qurulur. Narkomaniya bu əsasların hər birinə təsir göstərmək gücündə olan bir problemdir. Cəmiyyətdə narkotik vasitələrin dövriyyəsi və onlardan istifadə hallarının artması, ictimai nizam-intizama, ailə münasibətlərinə, təhsil sisteminə və ümumilikdə sosial rifaha təsirsiz ötüşmür.
Valideynlərin zərərli vərdişlərin alüdəçisi olan ailələrdə böyüyən uşaqlar çox vaxt laqeydlikdən, şiddətdən və qayğısızlıqdan əziyyət çəkirlər, bu da onların gələcək həyatlarına təsir edə biləcək bir sıra ciddi riskləri artırır.
Narkomaniyanın yayılması təkcə hüquqi və tibbi deyil, eyni zamanda mənəvi və mədəni bir problemdir. Bu sahədə maarifləndirmə işlərinin aparılması, gənclərin sağlam həyat tərzinə yönəldilməsi, idmanın və yaradıcı fəaliyyətin təşviqi cəmiyyətin ümumi rifahı baxımından olduqca vacibdir. Məktəblərdə, ali təhsil müəssisələrində, ictimai təşkilatlarda bu məsələ ilə bağlı təbliğatın gücləndirilməsi, ailələrin və ictimaiyyətin bu məsələdə fəal iştirakı böyük əhəmiyyət daşıyır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi narkomaniyanın profilaktikası, ictimai maarifləndirmə işinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Komitə tərəfindən Elm və Təhsil və Səhiyyə nazirlikləri ilə birgə əməkdaşlıq çərçivəsində məktəblərdə və ali təhsil müəssisələrində sağlam həyat tərzinin təbliği və narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri ilə bağlı maarifləndirmə işinin genişləndirilməsi, təhsil müəssisələrində psixo-pedaqoji fəaliyyətin təkmiləşdirilməsi məqsədilə yeniyetmə və gənclər iştirakı ilə “Həyatının memarı-Sən özünsən” adlı layihə həyata keçirilir.
Eyni zamanda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları və valideynləri ilə görüşlər təşkil olunur, problemlə bağlı ətraflı fikir mübadiləsi aparılır.
İctimai maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər sırasında hazırlanan sosial çarxlar və nəşr olunan maarifləndirici vəsaitlər xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlər sağlam həyat tərzinin təbliği və cəmiyyətin məlumatlandırılması baxımından mühüm rol oynayır.
Dövlətin narkomaniya ilə mübarizə sahəsində məqsədyönlü siyasəti, problemə aydın yanaşması mövcuddur və bu istiqamətdə dövlət qurumlarının həyata keçirdikləri tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki cəhətdən sağlam təməllər üzərində formalaşmasını qarşıya məqsəd qoyur. İnsanların həyatını faciəyə çevirən narkomaniyaya qarşı mübarizədə dövlət qurumları ilə bərabər, cəmiyyət üzvləri də aktiv iştirak etməli, bu məsələyə heç kəs laqeyd qalmamalıdır. Yalnız birgə səylər nəticəsində günümüzün qlobal problemi olan narkomaniyaya qarşı mübarizədə müsbət nəticələr əldə etmək mümkündür.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi