Ailələrimizi tanıyaq

“Ailələrimizi tanıyaq” layihəsinin qonağı Sabirabad rayonundan olan Rüstəmovlar ailəsidir

Müəllif:

9 oktyabr 2024 14:31

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır. 

Növbəti qonağımız Sabirabad rayonundan olan Rüstəmovlar ailəsidir.

Ailənin başçısı Dadaş Rüstəmov 1958-ci ildə orta məktəbi bitirib və 1960-1964-ci illərdə Azərbaycan Pedaqoji Universitetində ibtidai fakültədə təhsil alıb. 1973-1978-ci illərdə həmin universitetin filologiya fakültəsində oxuyub. D.Rüstəmov 1964-ci ildə Sabirabad rayonunun Qəzli kənd 8 illik məktəbində pedaqoji fəaliyyətə başlayıb, 1968-1976-ci illərdə həmin məktəbdə müavin, 1993-1994-cü illərdə direktor olaraq fəaliyyət göstərib. 2010-cu ildə ilin ən yaxşı “Vətənpərvər direktoru” adlı qızıl medalı ilə təltif olunub. D.Rüstəmov həm də yaradıcılıqla məşğuldur. Həyat yoldaşı Tərbiyə xanım evdar qadındır. 55 ildən çoxdur ki, birgə ömür sürürlər. Bu evlilikdən 4 övlad, 8 nəvə, 6 nəticələri var. Oğlanları – Vasif Rüstəmov 12 saylı peşə məktəbində təhsil alıb, 1994-cü ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub, GündüzRüstəmov müharibə veteranıdır, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib məktəbdə laborant işləyir, Heydər Rüstəmov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib, 2012-ci ildən Qəzli kənd orta məktəbində direktor işləyir. Qızı Şəfəq Quliyeva evlidir, 3 oğlu var.

Bu zəhmətkeş, uzun və nümunəvi ömür yolları ilə seçilən ailə ilə müsahibəmizi Sizə təqdim edirik.

Hörmətli Dadaş müəllim və Tərbiyə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə, səmimi və mehriban qarşıladığınıza görə təşəkkürümüzü bildiririk. İstərdik ki, 56 ilə yaxın davam edən xoşbəxt evliliyinizin sirri nədir sualını cavablandırasınız. Dadaş müəllim, əvvəlcə sizdən başlayaq.

Ailə xoşbəxtliyimizin sirrini səbr və ağılda görürəm. Sağlam ailənin təməli sevgi, səmimi münasibətlərə söykənir. Ömür-gün yoldaşımla həyatımızı anlayışlı, bir-birimizə hörmət edərək yaşayırıq. Övladlarımıza örnək olmağa, mehriban, deyib-gülən ailə nümunəsi göstərməyə çalışırıq. Onlar da bu yolu davam etdirirlər. Bütün bunlar isə ailə dayaqlarını daha da möhkəmləndirir, ömrümüzü uzadır.

Ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?

Anlaşılmazlıqlar olduqda bir-birimizin fikirlərinə hörmətlə yanaşırıq, eyni zamanda aramızdakı inam və güvən hissinin güclü olması xırda problemlərin böyüməsinin qarşısını alır.

Dadaş müəllim, Sizin bir övladınız Vasif şəhid olub, digər övladınız Gündüz müharibə veteranıdır. Siz onların vətənə, dövlətə layiqli övladlar olması üçün nə etmisiniz?

Həmişə onlara vətəni sevmələrini demişik.  Hər zaman övladlarımıza aşılamışıq ki, anasını sevən ilk əvvəl torpağını, vətənini sevməlidir. Vətən bizim həm ana, həm atamız, həm də torpağımızdır.

Valideyn-övlad münasibətləri  ailənizdə necə tənzimlənir?

Övladlarımızla aramızda çox möhkəm dostluq münasibətimiz var. Övladlarımız görəcəkləri işlər barədə hər zaman bizimlə məsləhətləşirlər. Ailə kiçik dövlətdir və övladlarımız bizim balaca ordumuzdur, ordunun möhkəmliyi üçün ailə arasında güvən hissi önəmlidir.

Ailə qurmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

Yeni ailə quran gənclərə tövsiyəmiz odur ki, bir-birlərinə hörmət etsinlər, hər zaman başa düşməyə çalışsınlar. Hər bir çətinliyin öhdəsindən birlikdə gəlməyi bacarmalıdırlar. Bacardıqları qədər problemlərini ailədən kənara çıxarmamalıdırlar. Güc birlikdədir atalar sözünü hər zaman yaddaşlarına həkk etməlidirlər.Bütün ailələrə xoşbəxtlik arzulayırıq.

Fikir və təcrübələrini bizimlə bölüşdüyünə görə Rüstəmovlar ailəsinə təşəkkürümüzü bildirir, onlara möhkəm cansağlığı və birlikdə xoşbəxt həyat arzu edirik.