Ailə məsələlərinə dini yanaşma
Müəllif: Gündüz İSMAYILOV, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini
3 aprel 2024 16:15
Bəşər tarixi qədər qədim anlayış olanailə hər bir cəmiyyətin kiçik, özünəməxsus ənənələrə sahib və fərqli şəkildə formalaşan modelidir. Bu baxımdan, cəmiyyətin sağlam təməllər üzərində qurulmasında ailənin rolunun yüksək olması birmənalıdır. Çünki yaradılış etibarilə sosial varlıq olan insan hər zaman ona müəyyən dəyərlər qazandıran, özünə daha yaxın hiss etdiyi digər insanlara ehtiyac duyur, onların çevrəsində özünü təhlükəsizlikdə hiss edir. İnsan məhz ailədə öz sosial məsuliyyətini, davranış qaydalarını öyrənir, tərbiyələnir.
Ailənin cəmiyyətin və dövlətin tərəqqisində oynadığı rolu mütəfəkkirlər, sosioloqlar da təsdiqləmişlər. Onlar insanın şəxsiyyət kimi yetişməsində, sosiallaşmasında, xalqın milli-mənəvi keyfiyyətlərinin gələcək nəsillərə ötürülməsində ailəni lokomotiv hesab edirlər. Məsələn, tanınmış amerikalı sosioloq Tolkot Parsonsun fikrincə, ailə sosiumun stabilliyini təmin edən altsistemdir: “Ailə digər sosial altsistemlər və strukturlarla münasibətlər qurmaq üçün dəqiq, eyni zamanda, şəxslərarası sabitliyin dinamikasının və inteqrativ tendensiyaların qorunması istiqamətində təsirli əlaqələr yaradır”. Fransız sosioloq Ogüst Kont isə deyirdi ki, ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, təbii fərdiyyətçiliyi aradan qaldırır, “başqaları üçün” yaşamağı öyrənir. O, eyni zamanda, nəsillər arasında mehriban münasibətlərin ictimai müvazinətini, daşıyıcıları yaşlılar və gənclər olan ənənələrlə novatorluq arasında tarazlığı qoruyub saxlayır.
Cəmiyyət həyatının təməlini təşkil edən ailə dəyərlərini formalaşdıran əsas element, şübhəsiz ki, dini-mədəni dünyagörüşüdür. Əsasən, bir toplumun üzvlərinin özlərindən əvvəlki nəsillərdən aldıqları və özündən sonrakı nəsillərə ötürdükləri bu dünyagörüşü, ortaq dəyərlər o toplumun mövcudluğunu qoruması baxımından da əhəmiyyətlidir.
Ümumiyyətlə, bütün dünya dinləri üçün böyük əhəmiyyət kəsb edən ailə dini həyatın mərkəzi olaraq qəbul edilir. Din ictimai nizamı qorumaqda ən vacib vəzifələrdəndir. Bu səbəbdən tarix boyu din ilə ailə arasında sıx əlaqə olmuşdur. Dini dəyərlərin qorunmasında ailənin rolu kifayət qədər böyükdür. Ailənin qorunmasında da dinin böyük təsiri var. Elə buna görə də hər iki institut mövcudluğunu qorumaq üçün bir-birinə müəyyən dərəcədə ehtiyac duyur. Demək olar ki, bütün dinlər çoxalmanı təşviq etmək və boşanmanın qarşısını almaq üçün həm ailəni qorumağa, həm də ailənin vasitəsilə dinin davamlılığını təmin etməyə çalışmışlar. Hər hansı dinə mənsub bir ailədə doğulan fərd həmin dinin üzvlərinin artması və onun mövcudluğunun davam etməsi üçün fürsətdir. Bu baxımdan ailə fərdin şəxsiyyət kimi yetişməsində, eyni zamanda, sevgi, hörmət, itaət, birlik, fədakarlıq kimi cəmiyyətin gözlədiyi dini və əxlaqi davranışların formalaşmasında həlledici rol oynayır. Çünki özlərinə hər zaman valideynlərini nümunə seçən uşaqlar onların tərbiyələndirdiyi şəkildə böyüyür və onların aşıladığı dini-əxlaqi dəyərlərlə tərbiyələnirlər. Proses uşaqların yetkinlik yaşına çatmasına və şəxsiyyət kimi formalaşmasına qədər davam edir. Bu səbəbdən bütün dinlərdə olduğu kimi, İslam dini üçün də ailə institutu həyati əhəmiyyət kəsb edir.
Bütün dinlər uğurlu cəmiyyət qurmaq üçün vacib olan ailə institutunu qorumağa və ər-arvad münasibətlərinin sağlam prinsiplər üzərində formalaşdırılmasına çalışır. Bunun üçün ailə üzvlərinin bir-biri, həmçinin qohumlar və toplum qarşısındakı hüquq və vəzifələrini müəyyənləşdirən prinsiplər mövcuddur. İslam dini isə bu prinsipləri daha da inkişaf etdirərək insanların həyat tərzinə çevirməklə gündəlik yaşamı əxlaqi prinsiplər çərçivəsində təşkil etməyi qarşısına məqsəd qoyur. Bu din geyimdən tutmuş yeyib-içməyə, davranışlardan adət-ənənələrə, iqtisadi problemlərdən elm və sənətə, qısası, dünyaya göz açandan ölümə qədər bir çox sahədə insanın yaşam tərzini müəyyənləşdirir. Bu mənada insanın özünə həyat yoldaşı seçmək, evlilik mərasimi, ailənin başçısı, uşağa ad qoyulması, ər-arvad münasibəti, uşağın tərbiyələndirilməsi və s. məsələləri tənzimləyir. Ancaq fərdlərin ailədəki rolları yaşadıqları dövrün şərtlərinə görə dəyişir. Bu gün ailə üzvlərinin rolları, xüsusən də ər-arvad münasibətləri əvvəlki kimi kəskin şəkildə ayrılmamışdır. Son zamanlar qadınların cəmiyyət həyatında hər zamankından daha çox iştirak etməsi rollarda əhəmiyyətli dəyişikliklər olduğunu göstərir. Çünki ənənələr sabit deyil, o da canlı orqanizm kimi, zaman keçdikcə dövrün tələblərinə uyğun olaraq dəyişməyə məhkumdur. Bəzən isə bu dəyişikliklər ailə institutunun ilkin formasına da xətər yetirir, təməl daşlarını tərpədir, nəticədə yeni problemlər meydana çıxır.
Təəssüf ki, müasir dünyada insan hüquqlarının qorunması prioritet məsələ hesab olunsa da, gender problemi hələ də gündəm məsələsi kimi qalmaqdadır. Bu problem təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, eyni zamanda, demokratik dəyərlərin bərqərar olduğu Qərbdə də aktualdır. Ancaq sözügedən problem inkişaf etməkdə olan və xurafata meylliliyi ilə seçilən cəmiyyətlərdə daha çox nəzərə çarpır. Ən pisi də odur ki, əksər hallarda bunun səbəbi kimi din və milli-mənəvi dəyərlər göstərilir.
Bəzilərinin fikrincə, hansı dinin mənsublarının üstünlük təşkil etməsindən asılı olmayaraq, dini ehkamlardan irəli gələn xüsusiyyətlərin güclü olduğu ölkələrdə qadın-kişi bərabərsizliyindən qaynaqlanan problemlər labüddür. Çünki istər İslam, istər Xristianlıq, istərsə də digər dinlərin ehkamlarında qadınla kişinin bərabərsizliyinə şərait yaradan zəmin var. Bu baxımdan əksər hallarda insan hüquqlarının qorunması məsələsi dini ehkamlarla qarşı-qaşıya qoyulur. Nəticə isə ürəkaçan olmur. Halbuki dinlər nəinki gender probleminin həllinə mane olur, əksinə, bu problemin həllində maarifçilik işi aparmaq baxımından dini dəyərlərdən istifadə etmək mümkündür. Ona görə ki, bütün dinlərin, xüsusilə səmavi dinlərin mahiyyətində kişi və qadın olmasına fərq qoyulmadan insanı ucaltmaq, kamilləşdirmək və varlıqların ən üstünü etmək məqsədi dayanır.
Qarşısına bu cür humanist məqsədlər qoyan dinlərin insan haqlarını, daha konkret desək, qadın hüquqlarını məhdudlaşdırdığını və ya buna zəmin yaratdığını düşünmək doğru deyil. Ümumiyyətlə, dinləri insan hüquqları anlayışı ilə qarşı-qarşıya qoymaq, bunları bir-birinə zidd anlayışlar kimi qələmə vermək və ya dini ehkamların insan haqlarının bərqərar olmasına maneçilik törətməsini iddia etmək olduqca təhlükəli tendensiyadır. Əksinə, müasir demokratik dəyərlərə dini dəyərlərin tərkib hissəsi kimi yanaşmaq, ən pis halda isə onları maksimum həddə uzlaşdırmaq lazımdır. Çünki tarixi təcrübə göstərir ki, dinsiz cəmiyyət mümkün deyil və din müasir dövrün tələbləri ilə nə qədər uzlaşdırılsa, cəmiyyətin inkişafı bir o qədər sürətli gedəcək.
O da məlumdur ki, dinin sıxışdırıldığı cəmiyyətlərdə xurafatın olması, daha doğrusu, dinin yerini xurafatın tutması qaçılmazdır. Bu isə cəmiyyətin mənəvi cəhətdən aşınması və cəhalət girdabına yuvarlanması deməkdir. Unutmaq olmaz ki, din cahillərin əlində xurafat, alimlərin əlində isə xurafata qarşı ən güclü silahdır. Əgər bir cəmiyyətdə dinə münasibəti cahillər formalaşdıracaqsa, orada din xurafat kimi görünəcək və ən təhlükəlisi də elə budur. Çünki bu, gələcəyin və gələcək gəncliyin indidən itirilməsi deməkdir.
Təəssüf ki, qadın-kişi hüquqlarının bərabərsizliyindən danışılanda dinlər arasında İslamın adı daha çox hallandırılır. İslam dininin qadınların hüquqlarını məhdudlaşdırdığını iddia edənlərin ən böyük problemi, fikrimcə, konkret məqamları nəzərə almamalarıdır. Halbuki dinlərin, bu halda konkret olaraq İslamın hər hansı məsələyə münasibətindən danışdıqda bu dinin meydana çıxdığı dövrün, həmin məsələ ilə bağlı qoyduğu hökmlərin səbəb və mahiyyətinin nəzərə alınması mütləqdir. Qurani-Kərimdə dəfələrlə Allahın hər şeyi cüt yaratdığı və özünəxas vəzifələri baxımından nəslin davam etdirilməsi üçün onların hər birinin vacibliyi xatırlanır. “Rum” surəsinin 21-ci ayəsində belə buyurulur: “Sizin üçün onlarla ünsiyyət qurasınız deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir”. “Bəqərə” surəsinin 187-ci ayəsində isə kişi ilə qadının bir-birini tamamladığı vurğulanır. Bu baxımdan İslama görə, qadınla kişinin qarşılıqlı olaraq bir-birinə nəzarət etməsi, qoruması onların xeyrinədir. “Qurani-Kərim”in bununla bağlı kişilərə verdiyi tövsiyə olduqca düşündürücüdür: “Onlarla gözəl rəftar edin. Əgər onlara nifrət etsəniz, (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun” (“Nisa” surəsi, 19).
Ailə institutunun təməl daşlarından biri də valideyn-övlad münasibətləridir. Hər bir etnik, sosial və dini qrupda bu münasibətlərin xüsusi statusu vardır. Belə ki, ata-anaya hörmət və ehtiram, ailənin gələcək davamçısı kimi övlada verilən təlim və tərbiyə ümumilikdə ictimai quruluşa təsir göstərən mühüm amillərdəndir. Səmavi dinlərdə valideynə hörmət və övlada münasibət əxlaqi-didaktik mövzular arasında ön sıralardadır. Yəhudiliyin 10 əmrindən beşincisi “Atanıza və ananıza hörmət edinki, Allahınızın sizə verdiyi torpaqda uzun ömür sürəsiniz” şəklindədir (“Tövrat”, “Çıxış”/”Təsniyə”, 12: 1-26). “Sənə həyat verən atana qulaq as, Birçəyi ağarıb deyə anana xor baxma” (“Tövrat”, “Məsəllər”, 23:1-35). “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.” (“Qurani-Kərim”, “İsra” surəsi, 23-24).
Yuxarıda sadaladıqlarımız bir daha göstərir ki, həm ailənin, həm də dini dəyərlərin qorunması üçün bu iki institut bir-birindən asılıdır, bir-birinə möhtacdır. Belə ki, dinlər ailənin sağlam təməllər üzərində qurulması, ailə üzvləri arasında qarşılıqlı hörmət və anlayışın yaradılması üçün bir sıra əsaslar müəyyənləşdirmişdir. Məhz dinlər tərəfindən müəyyən edilmiş bu əsaslar ailədaxili problemlərin qarşısının alınmasında və həllində zireh rolunu oynayır. Sosioloqlar da belə hesab edirlər ki, sözügedən prinsiplər ər-arvad, valideyn-övlad münasibətlərinə sevgi, sayğı, bağışlama, tolerantlıq kimi xüsusiyyətləri aşılamaqla xoşbəxt ailə ortamının yaranmasına böyük töhfə verir. Əslində, ailəmizin də, dinimizin də gələcəyi bizdən asılıdır. Əgər ailəmiz sağlam olsa, dinimiz də sağlam olacaq, dinimiz sağlam olsa, ailəmiz də möhkəm olacaq. Bu mənada cəmiyyətimizin gələcəyi bu iki dəyərə necə yanaşmağımızdan asılıdır.