“Elmdə Azərbaycan qadınlarının rolu” adlı dəyirmi masa keçirildi
Share:
9 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Elmdə Azərbaycan qadınlarının rolu” adlı dəyirmi masa keçirilib.
Tədbirdən əvvəl 1-ci və 2-ci Fəxri Xiyabanda müasir və müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib, məzarı önünə tər güllər düzülüb. Sonra tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli alimlər Rəfiqə Əliyevanın, Aida İmanquliyevanın, Püstəxanım Əzizbəyovanın, İzzət Orucovanın, Sara Aşurbəylinin, Zəhra Quliyevanın, Xalidə Hasilovanın xatirələrini anıb, məzarları önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan qadını tarixin bütün dönəmlərində azad düşüncəli və nikbin ruhlu olub, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr veriblər. O qeyd edib ki, xalqımızın elm tarixində də xanımların xüsusi rolu və yeri vardır: “Zəka və nüdrikliyi ilə seçilən Azərbaycan qadının XX əsrdə yetişdiyi bir neçə alimin adının çəkmək istərdim. İzzət Orucova, Rəfiqə Əliyeva, Aida İmanquliyeva, Zərifə Əliyeva kimi mötəbər xanımlar yeni dövr Azərbaycan elmində önəmli iz buraxıblar. Elmin zirvələrinə özünün gərgin əməyi, fitri istedadı ilə ucalan professor Aida xanım İmanquliyevanın Azərbaycan elm tarixində xüsusi yeri vardır. Bir şərqşünas alim kimi bütün bilik və bacarığını elmimizin inkişafı yolunda yorulmadan sərf edən Aida xanım nəinki Azərbaycanda, onun hüdudklarından çox-çox uzaqlarda da tanınmış və sevilmiş, hər zaman millətimizə başıucalığı gətirmişdir.”
Abel Məhərrəmov qeyd edib ki, BDU-nun Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxuyan Aida xanım BDU kollektivi tərəfindən daim ehtiramla xatırlanır. Universitetdə onun elmi fəaliyyətini araşdıran müsabiqələr və konfranslar keçirilir, yubileyləri qeyd olunur. Əminik ki, böyük alimin universitetimizlə bağlı gördüyü işlər, gənc nəslin yetişdirilməsində, şərqşünaslıq elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlər gələcəkdə daha da ətraflı öyrəniləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycan elmində qadınların sayının ildən-ilə artması bizim daha önəmli uğurumuzdur və bizim, xüsusi ilə də gənclərimizin borcudur ki, bu insanları daim yad etsinlər, onların elmi irsini, zəngin təcrübələrini həvəslə öyrənsinlər, davam etdirsinlər.
Komitə sədri qeyd edib ki, bu gün Azərbaycanın elm xadimlərinin sırasında qadın alimlərimiz öz layiqli yerlərini tutublar: “XX əsrdə Azərbaycan xalqı elmə İzzət Orucova, Sara Aşurbəyova, Püstə Əzizbəyova, Səidə İmanzadə kimi qadın alimlər bəxş etmişdir. Azərbaycanda ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq Tamilla Nəsirovaya nəsib olub. İlk uşaq pediatrı Adilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik Zərifə Əliyevanın təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva, həm də ekologiyanın aktual problemləri ilə bağlı işləri ilə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib. Neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın- Tahirə Tahirova eyni zamanda, ictimai-siyasi fəaliyyət göstərmiş, Azərbaycan SSR xarici işlər naziri olmuşdu. Tanınmış elm və ictimai-siyasi xadimi Zəhra Quliyeva Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməklə ilkə imza atdı. Kimya elminin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rolu olan Elmira Süleymanova ictimai xidmətləri ilə yanaşı, həm də ilk ombudsman kimi də müasir tarixə düşüb.Yüksək intellektual potensiala malik olan bu qadın- alimlərimizin hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə həm Azərbaycan elmində, həm də bütövlükdə, elm tarixində dərin izlər qoyublar. Həmin sırada tanınmış şərqşünas, professor Aida xanım İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır.”
Qeyd edilib ki, onun araşdırmalarında ayrı-ayrı mədəniyyətlərdə qadına münasibət və qadın hüquqları mövzusu xüsusi yer tutur. Məhz bu baxımdan onun əsərləri Azərbaycan genderşunaslığı üçün qiymətli bir vəsaitdir. Aida xanımın elmi yaradıcılığı ilə yaxından tanış olduqda, onun Qərb-Şərq mədəniyyətlərini, ümumiyyətlə, dünyada mövcüd olan fəlsəfi, ictimai-siyasi fikir sistemlərini, ideyaları, onların mahiyyətini çox dərindən bildiyi görürük.
Hicran Hüseynova bildirib ki, Aida xanım müasir Azərbaycan elmində və cəmiyyətində özünəməxsus yer tutan Nərgiz xanım və Mehriban xanım kimi övlad yetişdirib. Onlar vətənpərvər və xeyirxah ziyalılar kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq ölkəmizin ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Xüsusilə vurğulamaq istəyirəm ki, müasir dövrdə Respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına bir nümunədir.
Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, hər bir vətəndaş özünün cəmiyyətdəki yerini düzgün müəyyən etməlidir. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası qadınların cəmiyyətdə uğur qazanması üçün bərabər imkanlar yaradır: "Qadınların uğur qazanması üçün özünə inamı olmalıdır. Bu psixoloji amil çox zaman qadınların elmə, xüsusilə texniki, mühəndislik sahəsinə gəlməsində müəyyən problemlər yaradır. Bu gün cəmiyyətdə bəzən humanitar sahə dedikdə qadınları, texniki sahə dedikdə kişi fikirləşirlər". Bahar Muradova qeyd edib ki, istedadı, bacarığı və ailə dəstəyi olan qadınlar cəmiyyətdə mütləq uğur qazanacaqlar. O, ölkəmizdə ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyib. Diqqətə çatdırılıb ki, məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. Bahar Muradova bildirib ki, ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul edilən qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlı olub və heç bir mərhələdə dayanmayıb.
Qadınlarımızın elm və təhsil sahəsində əldə etdiyi uğurları qeyd edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə xüsusilə vurğulayıb ki, son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanları zamanı gender bərabərliyində dəyişikliklər müşahidə edilib: “Əvvəllər ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil ediblər. Lakin son 10 ildə bu tendensiya dəyişib. Artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb. Gender bərabərliyi humanitar və texniki sahələr üzrə də bölünüb. Belə ki, qızlar humanitar, oğlanlar isə texniki sahələrə daha çox üstünlük verirdilər. Ötən 10 il ərzində Azərbaycanda bu tendensiya da dəyişib.”.
Tədbirin davamında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Azərbaycan qadınının cəmiyyətdəki fəal mövqeyinə diqqət çəkib. O, çıxışında Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görüldüyünü vurğulayıb. Elmira Süleymanova Aida İmanquliyevanı böyük alim və təşkilatçı, qayğıkeş ana kimi xarakterizə edərək alimlə bağlı xatirələrini bölüşüb.
Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi" TƏhsil Şirkətinin təsisçisi Sona Vəliyeva qadınlarımızın müasir dövrdə cəmiyyətin inkişafına verdiyi töhfələrdən, eyni zamanda Aida xanım İmanquliyevanın elm tariximizdəki xüsusi xidmətlərindən danışıb.O qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanlarında sayılıb-seçilən qadınlar təkcə döyüşçü kimi yox, həm də siyasətçi kimi, müdrik məsləhətləri ilə daim ərlərinin, qardaşlarının yanında olublar. Dahi Nizamini, Xaqanini və Azərbaycanın ədəbi-ictimai fikir tarixində yer tutan digər oğulları analar yetişdiriblər. O qadınlar ali məktəb bitirməmişdilər, ancaq həyat məktəbi keçmişdilər. Ötən əsrin əvvəllərində isə Hacı Zeynalabdin Tağıyev qız məktəbi açıb. Həmin məktəbi bitirənlər sonralar Azərbaycan elminə əvəzsiz töhfələr veriblər. Sona Vəliyeva bu gün ölkəmizdə qadınlara yüksək qiymət verildiyini və bunun Azərbaycanın dövlət qadın siyasətinin təzahürü olduğunu vurğulayıb.
BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev professor Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının ən güclü tədqiqatçısı olduğunu vurğulayıb. Bildirilib ki, Aida İmanquliyevanın müasir ərəb ədəbiyyatı ilə bağlı apardığı tədqiqatlarla tanış olmayan alim heç vaxt bu mövzuda dəyərli əsər yaza bilməz.
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə deyib ki, akademik Zərifə Əliyevanın və professor Aida İmanquliyevanın qoyub getdikləri zəngin elmi irs, eləcə də onların həyatları gənc qızlar üçün örnəkdir.
Şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi, Aida İmanquliyeva adına təqaüdçü Nigar Bağırlı çıxş edərək görkəmli şərqşünas alimin yolunu davam etdirəcəyini bildirib.
Yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova-Abbasova “Azərbaycan qadınlarının elmin inkişafına verdiyi töhfələr” mövzusunda təqdimatla çıxış edərək elm sahəsində bir sıra yeniliklərin müəllifi olmuş, öz məktəbini yaratmış, xüsusi və böyük xidmətləri olan qadınlarımız haqqında məlumat verib. O, tarixə ekskurs etməklə yanaşı, müasir dövrdə də bir sıra tanınmış qadın alimlərin, o cümlədən Zümrüd Quluzadə, Məsumə Məlikova, Adilə Namazova, Dilarə Seyidzadə, Məleykə Abbaszadə, Nailə Vəlixanlı, Gövhər Baxşəliyeva və başqalarının elmi fəaliyyətindən bəhs edib.