Qəbələ rayon Bum qəsəbəsində “Qızların təhsildən yayınma səbəbləri və bu hallarının qarşısının alınması” mövzusunda tədbir keçirildi
Share:
Yanvarın 28-də Qəbələ rayonunun Bum qəsəbəsində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Qızların təhsildən yayınma səbəbləri və bu hallarının qarşısının alınması” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon qeydiyyat idarəsinin müdiri, əlaqədar qurumların nümayəndələri, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə əvvəlcə iştirakçılara məktəbdə bu sahədə olan vəziyyətlə bağlı məlumat verilib. Tədbirdə çıxış edənlər qızların təhsildən yayınma hallarının baş verməsində öncə valideynlərin rolu olduğunu, azyaşlı qızların isə bunun fərqinə varmadan, ailə dəyərlərini başa düşmədən addım atdıqlarını vurğulayıblar.
Tədbirdə qızların təhsildən yayınmasının və erkən nikahların qarşısının alınmasında cəmiyyətin maarifləndirilməsinin əhəmiyyəti ilə yanaşı, aidiyyatı şəxslərin diqqətinin bu sahəyə daha ciddi yönəlmədiyini qeyd ediblər.
Tədbirin sonunda qızlara təhsillərini başa vurmaları, gələcəkdə hər hansı bir peşə sahibi olduqdan sonra ailə qurmaları tövsiyə edilib, ailə başçılarına ünvanlanmış maarifləndirici məktublar paylanılıb.