İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondu İsmayıllı rayonunda İsmayıllıdan olan 13 və Qəbələdən olan 11xüsusi qayğıya ehtiyacı olan insana İsmayıllıda əlil arabaları təqdim etdi
Share:
Bu kimi insanların cəmiyyətlə fəal əlaqəsinin məhdud olduğunu nəzərə alaraq tədbir hansısa bir qapalı məkanda yox, məhz insanların çox olduğu bir məkanda- istirahət mərkəzində keçirildi.
Tədbiri giriş sözü ilə İsmayıllı UADM-in direktoru Lətifə Əliyeva açaraq xüsusi qayğıya ehtiyaclı insanlarla gördükləri işlərdən danışdı, bu çətin və savab işdə onlarla olan hər kəsə, eləcə də, belə xeyirxah aksiyaya görə Gəncliyə Yardım Fonduna təşəkkür etdi.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Türkiyə Respublikası Baş Nazirlik (TİKA) Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinasiya ofisinin koordinatoru Mustafa Haşim Polat, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Əhməd Tecim çıxışlarında xüsusi qayğıya ehtiyaclı insanlarla görülən və görülməli işlərdən danışdılar.
Sonra əlil arabaları təqdim olundu. Qəbələ rayonundan gəlmiş Qarabağ əlili, Aprel döyüşlərində sağlamlığını itirmiş Anar Hacıyev və xüsusi qayğıya ehtiyacı olan İsmayıllı sakini çıxış edərək onlara göstərilən qayğıya görə razılıq bildirdilər.
Xüsusi qayğıya ehtiyacı olan paraolimpiyaçı, idmanın ağırlıqqaldırma növü üzrə keçirilən respublika birinciliyində üçüncü yer qazanmış Şakir Ömərov tədbir iştirakçılarına bir örnək kimi təqdim olundu, əlil arabasında olmasına baxmayraq idmanla mütəmadi məşğul olması, əlilliklə yorulmadan mübarizə aparması təqdir olundu.
Tədbiri İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin ansamblı maraqlı konsert proqramı ilə davam etdirdi.