“Korrupsiyanın qadın və uşaq hüquqlarına təsiri” mövzusunda təlim keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Korrupsiyanın qadın və uşaq hüquqlarına təsiri” mövzusunda təlim keçirilib.
Təlimdə açılış nitqləri ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Natiq Lahıcov, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev təlimin əhəmiyyətinə diqqət çəkiblər, Qeyd edilib ki, korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biridir və toplumun inkişafına mənfi təsir göstərir. Həmçinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib və Fəaliyyət Planının bu istiqamətdə əsas hədəflərindən danışılıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyeva, prokurorları Günay Süleymanova və Arzu Zeynalabdiyeva təqdimatla çıxış edərək korrupsiyanın qadın və uşaq hüquqlarına təsirindən danışılıb, eyni zamanda bu faktları əks etdirən real həyat hadisələri qeyd edilib. Korrpsiyaya qarşı mübarizədə müsbət nəticələrin əldə olunmasında qadınların rolundan bəhs edilib.
Daha sonra “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimlinin “Dövlət qulluğunda etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi” mövzusunda çıxış edərək etika anlayışı, bu sahədə milli qanunvercilik, ölkədə etik davranış qaydalarına əməl edilməsi vəziyyəti, həmçinin görülmüş intizam tənbeh tədbirlərinin səbəbləri barədə iştirakçılara məlumat verib.
Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev “Korrupsiya hüquqpozmaları və vəzifəli şəxs anlayışı” və “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə, cinayət, inzibati və mülki-hüquqi məsuliyyət” mövzusunda təqdimatlarla çıxış edərək “BMT-nin Korrupsiyaya qarşı Konvensiyası (UNCAC)”, “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Avropa Şurası Konvensiyası və korrupsiyaya qarşı mübarizə üzrə əsas rəhbər prinsipər barədə təlim iştirakçılarını məlumatlandırıb, həmçinin korrupsiya ilə əlaqədar hüquqpozmalara dair konkret keyslər göstərilib,
Təlim müzakirələrlə davam edib.
Qeyd edək ki, 40 nəfər dövlət və qeyri-hökumət təşkilatının nümayəndələrinin iştirakı ilə baş tutan təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 5.1-ci bəndinin icrası ilə bağlı korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə təşkil olunub.