Bu gün görkəmli ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur
Share:
Azərbaycanın dəyərli elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.
Araşdırmaları və tədqiqatları ilə oftalmologiya elminə töhfə verən, gənc kadrların yetişdirilməsində əvəzsiz rolu olan alim Zərifə xanım Əliyeva xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülüb.
Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hər bir kəsin hörmət və məhəbbətini qazanmış bu işıqlı insan, ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi. Zərifə xanım Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik kimi səhiyyə sahəsində silinməz iz buraxıb. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi. Təsadüfi deyil ki, dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım haqqında danışarkən onun fəaliyyətini yüksək qiymətləndiriblər.
Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”. Bu xüsusiyyətinə görədir ki, o uzun illər keçməsinə baxmayaraq, nəciblik, mərhəmət, sədaqət və fədakarlıq kimi keyfiyyətləri öz simasında birləşdirən gözəl bir insan kimi yaddaşlarda və ürəklərdə yaşayır. Zərifə xanımı tanıyanlar, onunla ünsiyyətdə olanlar, birgə fəaliyyət göstərənlər, onun himayəsini və qayğısını öz üzərində hiss edənlər bu gün də onu xoş xatirələrlə yad edir.
İnsan kapitalının zənginləşməsi işinə əhəmiyyətli töhfə verən bu ziyalı xanım, zamanında yetişdirdiyi peşəkar kadrlar, eləcə də seçdiyi fəaliyyət istiqamətləri üzrə əldə etdiyi nəticələr, yaratdığı ənənələr, qoyub getdiyi elmi, ictimai irsindən faydalanan bugünkü nəslin nümayəndələri də Zərifə xanımı hörmət və sevgi ilə xatırlayır.
Ömrü boyu xalqı üçün çalışmış Zərifə xanımın bir qadın, gözəl Azərbaycan xanımı, həyat yoldaşı və ana kimi ideal siması xalqın yaddaşında daim yaşayır. Ulu öndər Heydər Əliyev ömür-gün yoldaşını belə xatırlayırdı: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. ...Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm”.
Bu gün onun xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq deyib: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Xalqımızın adını və əməllərini böyük ehtiramla xatırladığı, varlığından, şərəfli həyat yolundan, insani keyfiyyətləri ilə yanaşı, ictimai mövqeyi, milli-mənəvi dəyərlərə bağlılığı və müasirliyindən fəxrlə söhbət açdığı tanınmış elm xadimi, gözəl ana, qayğıkeş həyat yoldaşı kimi yüksək dəyərləndirdiyi Zərifə xanım Əliyevanı ehtiramla anırıq.