“Şuşa bizim milli rəmzimizdir” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Share:
12 may 2022-ci il tarixində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Şuşa bizim milli rəmzimizdir” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin yekunlarına həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında fikirlərinə həsr olunmuş video nümayiş etdirilib.
Davamında Cabbar Qaryağdıoğlu adına Musiqi məktəbinin şagirdi İsmayıl Hacıyevin ifasında Bayatı-şiraz səsləndirilib.
Salamlama nitqi ilə çıxış edən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qalibləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. O, hazırda Şuşada İkinci Xarıbülbül festivalının keçirildiyini və bütün dünyanın diqqətinin Şuşaya, Cıdır düzünə yönəldiyini vurğulayıb: “Tarixən yaranmış ənənələr bu gün yeni bir məzmunda daha dinamik, daha çevik bir şəkildə davam etdirilir və müasir dövrümüzün yeni ənənələri yaranır, dünya Azərbaycanı yeni bir formada, yeni bir xarakterdə qəbul etməyə başlayıb.”
Bugünkü müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu diqqətə çatdıran Komitə sədri xalqımızın bu gün olduğu kimi, gələcəkdə də onun yoluna sadiq qalacağını, müzəffər Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevin siyasətinə daim dəstək olacağını qeyd edib.
Artıq neçə ildir ki, Dövlət Komitəsi tərəfindən bu mövzuda müxtəlif məzmunlarda müsabiqələr təşkil edildiyini qeyd edən B.Muradova əlavə edib ki, iştirakçılar bu dəfə də yazıları yazarkən tariximizə, ona olan münasibətimizə və qədim şəhərimiz, milli rəmzimiz olan Şuşa, onun keçmişinə, bu gününə, gələcəyinə yönəlik ən isti və səmimi fikirlərini kağızlara köçürmüşlər. Bunların hər biri vətənpərvərlikdən bu torpağa, xalqa, onun liderinə və gördüyü işlərə olan məhəbbətdən sevgidən doğan fikirlərdir.
O bildirib ki, Azərbaycanda həqiqətən torpağa, xalqa çox böyük məhəbbət ruhunda gənclik yetişir. “Gəncliyin ən parlaq nümayəndələri ən əziz nemət olan canlarını Şuşa yolunda verməkdən çəkinmədilər. Onlar azərbaycan bayrağını ən uca zirvəyə sancmağa nail oldular. Bu gün Azərbaycan dünyada müzəffər ölkə, ordu və qalib bir xalq kimi tanınır”.
Çıxışının sonunda bir daha müsabiqədə iştirak edən hər kəsi təbrik edən B. Muradova bu yarışa qoşulmağın özünün elə qalibiyyət olduğunu qeyd edərək, iştirakçıların gələcək inkişafının daim Komitənin diqqət mərkəzində olacağını əlavə edib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə gənclərə fəal ictimai mövqe qazandırmaq baxımından əhəmiyyət kəsb edən müsabiqənin qaliblərini təbrik edib. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında xatirələrini bölüşən A. Rəhimzadə bildirib ki, dahi şəxsiyyət Azərbaycana, xalqımıza bağlı, ona fədakarlıqla xidmət etmək ruhunda böyümüşdü. O, hakimiyyətə gəlməklə Ermənistanın Azərbaycan torpaqlarına olan ərazi iddialarını hər zaman diqqətdə saxlamış, bu iddiaların alovlanmasına imkan verməmişdir.
Heydər Əliyevin “Şuşa Azərbaycanın qürurudur” şüarına diqqət çəkən A. Rəhimzadə qeyd edib ki, ümummilli liderin hakimiyyəti dövründə Şuşa yeni bir səviyyəyə qalxmış, mədəniyyət mərkəzinə çevrilmişdi. O vurğulayıb ki, ulu öndərin ən böyük xidməti özündən sonra güclü bünövrə qoyması, Azərbaycana qürurla rəhbərlik edən ölkə başçısını yetişdirməsi olmuşdur.
Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov Şuşanın tarixindən bəhs edərək, bu tarixin hər birimizin gözləri qarşısında yazıldığını və qaldırılan erməni iddialarının əssassız olduğunu vurğulayıb. O qeyd edib ki, ermənilər müəyyən müddətdə Şuşanı işğal altında saxlasalar da, öz məqsədlərinə çata bilmədilər. Şuşanın mədəniyyəti, dili, düşüncəsi, mənəviyyatı Azərbaycan xalqına məxsusdur.
Nizami Cəfərov qeyd edib ki, Şuşa, həqiqətən, qədim mədəniyyət beşiyi, Qarabağın incisidir. “Şuşa Qarabağ xanlığının mərkəzi kimi yaradılandan sonra regionun mərkəzinə çevrilib. Şuşa şəhəri XVIII əsrin ortalarından bəri Azərbaycan mədəniyyətinin incisi kimi məşhurlaşmağa başlayıb. Memarlıqdan başlamış mədəniyyətə, incəsənətə, musiqiyə, elmə qədər bu torpaq böyük şəxsiyyətlər yetişdirib. Qarabağnamələrin yaranmasında da Şuşa mərkəz olaraq iştirak edib”.
“İşıq” qadın jurnalının baş redaktor müavini, müsabiqənin münsiflər heyətinin üzvü Əsəd Süleymanov bildirib ki, 10 ildən çoxdur davam edən müsabiqənin ildən-ilə yüksələn xətlə davam etdiyini real faktlarla görürük. İştirakçı sayının getdikcə artması, respublikanın hər bölgəsindən vətəndaşların təmsil olunması müsabiqənin şəffaflığına olan etimadın göstəricisidir.
O vurğulayıb ki, Şuşa mövzusunu və Heydər Əliyev şəxsiyyətini mənəvi bir xətt birləşdirir. Bu baxımdan da ulu öndərin 99-cu ildönümünə həsr olunmuş müsabiqə xüsusi əhəmiyyət kəsb edir. Zəfərdən sonrakı müsabiqəyə təqdim edilmiş yazılardan da hiss olunur ki, artıq ayrılıq bir vüsala, uzaqlıq fərqli bir yaxınlığa çevrilib.
Daha sonra müsabiqənin nəticələrinə əsasən, böyüklər arasında I yerin qalibi Kürdəmir rayonu M.Əzimov adına Atakişili kənd tam orta məktəbinin tarix müəllimi Səidə Dadaşova, II yerin qalibi Ağcabədi rayonu, “Aran” Qəzetinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Məhsəti Ağayeva (Musa), III yerin qalibi Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, yeniyetmələr arasında I yerin qalibi Ağdam rayon, Dördyol-2 qəsəbə tam orta məktəbinin 7-ci sinif şagirdi Həqiqət Abdullazadə, II yerin qalibi Neftçala rayonu, Rəfail Əliyev adına Yuxarı Qaramanlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Nurlan Əbilhəsənov, III yerin qalibi Şuşa rayonu Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Fərəh Həmzəyeva diplom və hədiyyələrlə təltif olunublar.
Qaliblər sevinc hisslərini bölüşərək, müsabiqənin keçirilməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Mövzunun aktuallığını qeyd edərək, bu cür müsabiqələrin keçirilməsinin gənclər arasında maraqla qarşılandığını vurğulayıblar.
Tədbir uşaq və gənclərin ifasında musiqi və şeirlərin səsləndirilməsi ilə davam edib.
Yekunda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, 1-30 aprel 2022-ci il tarixində gənc yazarlar və jurnalistlər arasında keçirilən “Şuşa bizim milli rəmzimizdir” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsinə 192 yazı daxil olmuş və təqdim edilən məqalələrin Münsiflər Heyəti tərəfindən dəyərləndirilməsi nəticəsində qaliblər müəyyən edilmişdir.