“25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbir keçirilib
Share:
25 noyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 25 noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib.
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin məişət zorakılığının qarşısının alınması sahəsində müsbət təcrübəsini nəzərə alaraq, tədbir Bakı Gənclər Mərkəzində təşkil olunub.
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Daha sonra uşaqların əl işlərindən ibarət məişət zorakılığı ilə mübarizə gününə həsr edilmiş sərgiyə baxış keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və Kəlbəcər rayonunun işğaldan azad olunmasının ildönümü münasibəti ilə hər kəsi təbrik edib.
25 noyabr tarixinin bütün dünyada məişət zoakılığı ilə mübarizə günü kimi qeyd edildiyini bildirən və insan hüquqlarının təmin olunması ilə bağlı məsələlər içərisində məişət zorakılığının qarşısının alınmasının getdikcə daha da aktuallaşdığını qeyd edən Komitə sədri bu problemin həllinin hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb etdiyini vurğulayıb.
B.Muradova əlavə edib ki, ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. “Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Dövlətin uğurlu siyasətinin nəticəsi olaraq əsaslı nailiyyətlər əldə olunmuşdur. Bu sahədə gender-əsaslı zorakılıqla mübarizəni həyata keçirtmək üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Milli Fəaliyyət Planında məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində bir çox istiqamətlərdə tədbirlər nəzərdə tutulmuşdur”.
Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, qurumlararası əlaqələndirmə və zərər çəkmiş şəxslərin pulsuz hüquqi yardımla təmin edilməsi mexanizmlərinin müəyyən olunması istiqamətində işlərin həyata keçirilməsinin Komitəyə tapşırıldığını bildirən B.Muradova hər 3 istiqamətdə təkliflərin hazırlandığını və aidiyyəti orqanlarla razılaşdırma mərhələsində olduğunu əlavə edib. Səlahiyyətli qurumlar arasında daha çevik və davamlı koordinasiyanın qurulmasında etibarlı ilkin məlumat mənbəyi kimi bələdiyyələrin geniş imkanlar yaradacağını vurğulayan komitə sədri hazırda respublika ərazisində bələdiyyə qurumlarında gender məsələləri üzrə komissiyalarının yaradıldığını bildirib.
Həmçinin Komitə tərəfindən qadınlara qarşı zorakılıq halları ilə bağlı daxil olmuş müraciətlərin mütəmadi olaraq təhlilinin həyata keçirildiyini bildirən Bahar Muradova qeyd edib ki, əldə edilmiş statistik göstəricilərə əsasən qadınlara qarşı zorakılıq faktlarının təxminən yarısı məişət zəminində baş vermiş halların payına düşür. “Qeyd edilməlidir ki, ötən illərlə müqayisədə ölkədə baş vermiş zorakılıq halları ilə bağlı Komitə və aidiyyəti qurumlar, xüsusilə də yerli icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupları ilə sıx əməkdaşlıq nəticəsində baş vermiş halların qiymətləndirilməsi, zorakılığın qurbanı olan şəxslərə ilkin hüquqi, psixi və sosial yardımların edilməsi, qanunvericiliyin tələblərindən irəli gələrək mühafizə orderlərinin verilməsi istiqamətində işlərin görülməsi prosesi sürətləndirilmişdir”.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək rayonundakı sosial-iqtisadi vəziyyətdən danışıb, həmçinin qəsəbələrdə yaradılan mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının sayının artırılmasının sakinlərin mədəni inkişafına müsbət təsir etdiyini bildirib.
İcra Hakimiyyətinin məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən A.Vəliyev məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktiki iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə Sabunçu üzrə bütün bələdiyyələrin nəzdində Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyalar fəaliyyətə başladığını qeyd edib. Başçı əlavə edib ki, həmin bələdiyyələrin inzibati binalarında yerləşdirilən xüsusi qutulara atılan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində Komissiya İcra Hakimiyyətində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu, həmçinin aidiyyəti qurumlarla birgə iş aparır.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və bir sıra qlobal məsələlərin icrasına töhfə verilməsi məqsədilə vətəndaş cəmiyyəti və digər təşkilatlardan olan tərəfdaşlarla davamlı şəkildə əməkdaşlıq edildiyini qeyd edib. “Artıq uzun illərdir ki, təşkilatımız ölkədə gender bərabərliyi, gender əsaslı zorakılıq və bununla mübarizə, əhalinin, xüsusən də gənclərin cinsi və reproduktiv sağlamlıq hüquqlarının təmin edilməsi kimi sahələr üzrə müxtəlif layihələr həyata keçirir. Bu baxımdan qadına qarşı zorakılıqla mübarizəyə dair əldə olunan uğurlar və bu istiqamətdə qura bildiyimiz əməkdaşlıq xüsusilə təqdirəlayiqdir. Belə ki, qadınlara qarşı zorakılığın miqyasına dair ilk reprezentativ sorğunun keçirilməsi, məişət zorakılığının iqtisadi yükünün ölçülməsi, məişət zorakılığı üzrə məlumat bankının yaradılması sahəsində ölkədə bu fenomenin miqyası və xidmətlərdən istifadə , eyni zamanda onun yaratdığı fəsadlara dair məlumat və dəlillər əldə etmiş olduq.
Qadınların zorakılıqdan müdafiəsi üzrə yaradılmış mexanizmlərdə hələ də müəyyən boşluqlar olduğunu qeyd edən F.Babayev bunları aradan qaldırmaq məqsədilə birgə əməkdaşlıq şəraitində əsasını qoyduğumuz pilot qaynar xətt layihəsinin genişləndirilməsi, əsas xidmət tədqiqatları üçün müdaxilə və əlaqələndirmə üzrə xidmət protokollarının təsdiqlənməsi, zorakılığın yayılmasına dair ölkə miqyaslı sorğuların mütəmadi keçirilməsi və bu kimi müdaxilələrin zəruri olduğunu da əlavə edib. O, bildirib ki, artıq neçə ildir ki, Dövlət Komitəsi ilə birgə həyata keçirdiyimiz 16 günlük Fəallıq Kampaniyasının builki hədəfi zorakılıqla mübarizədə kişilərin müttəfiq kimi cəlb edilməsidir. Beləliklə biz ölkə əhalisinə, xüsusilə də kişilərə səslənərək qadına qarşı zorakılığın həm qadının özü və ailəsi, həm də bütövlükdə cəmiyyət və ölkəyə vurduğu zərəri nəzərə alaraq bu zorakılıq pandemiyası ilə mübarizədə bizə dəstək verilməsinə çağırış edirik- deyə əlavə edib.
Daha sonra Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək məişət zorakılığı ilə bağlı həm dövlət tərəfindən, həm də qeyri hökumət təşkilatları tərəfindən görülən işlərdən bəhs edib. 2022-2028-ci illər üçün Sosial Xidmətlər Strategiyasından söz açan nazir müavini bildirib ki, burada yalnız məişət zorakılığı tədbirləri deyil, eyni zamanda sosial dəstək və müdaxilə alətləri də xüsusilə vurğulanıb.
Qadınların məşğulluq, işsizlik problemləri nəzərə alınaraq onların aktiv fəaliyyətlərə, ictimai işlərə cəlb olunmasının əsas prioritet istiqamətlərindən olduğunu qeyd edən A.Kərimov qadınların Özünəməşğulluq Proqramında da çox aktiv iştirak etdiklərini vurğulayıb. “Bu Proqram Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildən uğurla həyata keçirilir. 3200 xanım bu Proqrama cəlb edilib. Eləcə də qadınların səlahiyyətlərinin artırılması, müxtəlif peşə kurslarına cəlb olunması istiqamətində tədbirlər həyata keçirilib. Düşünürəm ki, biz məişət zorakılığı probleminə belə kompleks şəkildə yanaşmalıyıq. Təcrübələrimizi və fikirlərimizi aktiv şəkildə bölüşməyimiz baxımından bu tədbir mühüm əhəmiyyətə malikdir”.
Rəsmi çıxışlardan sonra “Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətlər əsasında araşdırma” və “Məişət zorakılığından zərər çəkmiş şəxslərin məhkəməyə çıxış imkanları: Mövcud vəziyyət və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda təhlilə dair ekspert Abil Bayramov təqdimatla çıxış edərək zorakılığın səbəbləri, fiziki və psixoloji nəticələri, məişət zorakılığının qarşısının alınmasına yönəlik hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi istiqamətləri, eyni zamanda zorakılıq qurbanlarının məhkəməyə çıxış imkanları haqqında ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Respublikasının Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi, ll dərəcəli hüquqşünas Saleh Hacıyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimai Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Əziz Baqişev çıxış edərək ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, məişət zorakılığı sahəsində hüquqi maarifləndirmənin vacibliyi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, müxtəlif ixtisas sahiblərinin diqqətinin məişət zorakılığı ilə mübarizəyə cəlb edilməsi, mühafizə orderlərinin tətbiqi, aidiyyəti dövlət orqanları ilə birgə koordinasiyalı fəaliyyətin təşkil edilməsi məsələlərinə toxunublar.
Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Abbaslı-Əsgərli Bakı şəhəri Sabunçu rayonunda məişət zorakılığının qarşısının alınması sahəsində yaradılmış mexanizmi iştirakçılara təqdim edib. Respublika üzrə bütün rayonların yerli icra hakimiyyətlərində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupları yaradıldığını qeyd edən Komitə nümayəndəsi Monitorinq Qruplarının yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımı dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, zorakılıq qurbanlarının müdafiəsi, müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıdığını əlavə edib.
O, bildirib ki, tərkibində hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sahələri, qeyri-hökümət təşkilatları və digər əlaqədar qurumların nümayəndələrini birləşdirən Monitorinq Qrupları koordinator rolunu oynayır. Belə ki, vətəndaş Monitorinq Qrupuna müraciət etdiyi halda məsələ dərhal Qrupa daxil olan qurumları təmsil edən nümayəndələr tərəfindən araşdırılır və zərərçəkən barəsində təcili və təxirəsalınmaz tədbir görülür.
Tədbirdə aidiyyəti dövlət orqanlarının, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin əməkdaşları, icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının rəhbərləri, Bakı şəhər rayon bələdiyyələrinin sədrləri və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin rəhbərləri iştirak edib.
Tədbir iştirakçıların suallarının cavablandırılması və müzakirələrlə davam edib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə təşkil olunub.