Azərbaycan nümayəndə heyətinin Avstriyaya səfəri başa çatıb
Share:
Tvinninq layihəsi çərçivəsində Avstriya Respublikasına səfərin sonuncu günündə Azərbaycan nümayəndə heyəti Avstriya Respublikasının Daxili İşlər Nazirliyinin Cinayətlərin qarşısının alınması, profilaktika və zərərçənənlərə dəstək şöbəsinin müdiri Petra Variş, Vyanada yeni yaradılmış zorakılıqdan müdafiə xidmətləri üzrə “Neustart” təşkilatının şöbə müdiri Yurgen Nutz, eləcə də Vyana Uşaq Hüquqları üzrə Ombudsmanı Dunja Qarval ilə görüşüblər.
Görüşlər zamanı hər bir təşkilat məişət zorakılığının qarşısının alınması, profilaktikası sahəsində fəaliyyətləri və iş prinsipləri haqqında məlumat veriblər.
Avstriya Daxili İşlər Nazirliyinin şöbə müdiri öz təqdimatında ölkənin bu istiqamətdə milli qanunvericiliyi, eləcə də məişət zorakılığı halları zamanı hadisənin araşıdırılması prosesi, ayrı-ayrılıqda dindirmələr, məlumatların toplanılması, zorakılıq törədənlərin evdən kənarlaşdırılması prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, hər bir polis bölməsində zorakılığın qarşısının alınması üzrə təlim keçmiş polis əməkdaşları fəaliyyət göstərir.
“Neustart” təşkilatının şöbə müdiri Yurgen Nutz zorakılıq törədənlərə yönəlmiş yeni fəaliyyət mexanizmi barədə danışıb. Avstriya təcrübəsinə əsasən zorakılığı törədən şəxs polis tərəfindən qeydiyyata alındıqdan sonra konsultasiya mərkəzinə yönəldilir. zorakılıq törədən növbəti 14 gün ərzində həmin təşkilatla əlaqə saxlamalı və 6 saatlıq məsləhət xidməti almalıdır. Əgər zərəryetirən bunu etməszə polis tərəfindən xəbərdarlıq edilir, nəticə olmazsa ən son cərimə edilir.
Vyana Uşaq Hüquqları üzrə Ombudsmanı Dunja Qarval Ombudsmanın struktur, iş prinsipi, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Vyana təcrübəsinə görə uşaq və gənclər üzrə Ombudsmanın 3 əsas bölməsi var - Sosial iş, Sosial pedaqogika və Təhsil üzrə Ombudsman bölmələri. Ombudsmanın Sosial iş Ofisi əsasən bütün növ sosial iş, Sosial pedaqogika qayğı evləri, foster ailə, Təhsil Ofisi isə bullinq, zorakılıqsız təhsil mühitinin yaradılması, ayrı-seçkiliyin aradan qaldırılması bə inkluzivlik məsələləri üzrə fəaliyyət göstərir.
Qeyd edək ki, səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın rəhbərliyi ilə Dövlət Komitəsi, Ombudsman Aparatı və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.