“Övladlığa götürmədə nəzarət mexanizmi” mövzusunda təlim keçirildi

27 May 2016

Share:

Mayın 25-də Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2016-cı ilin Tədbirlər Planı çərçivəsində Bakı şəhəri (Nəsimi, Nərimanov, Nizami, Qaradağ, Binəqədi, Pirallahı, Xəzər, Xətai, Sabunçu, Suraxanı, Səbail, Yasamal rayonları) Sumqayıt şəhər və Abşeron rayon icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəhbərlərinin iştirakı ilə “Övladlığa götürmədə nəzarət mexanizmi” mövzusunda təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd yerli və ölkələrarası övladlığa götürmə mexanizmləri, bu sahədə qurumlararası əməkdaşlıq, valideyn himayəsindən məhrum olmuş uşaqların uçotunun aparılması ilə bağlı məsələlərin müzakirəsinin təşkilidir.

Nəsimi rayon icra hakimiyyətinin müavini, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Gülarə Verdiyeva tədbiri giriş sözü ilə açaraq hər kəsi salamlayıb. O bildirib ki, müstəqilliyimizi əldə etdikdən sonra hər bir sahədə inkişafa, dəyişikliyə nail olmuşuq. Xüsusən də uşaq hüquqlarının qorunmasında dəyişikliklərin və inkişafın şahidi olmuşuq. Gülarə Verdiyeva qeyd edib ki, bütün dünyada diqqətin uşaqlara yönəlməsinə baxmayaraq, elə ölkələr var ki, onlarında hüquqları yenə də pozulur. Bunun qarşısını almaq üçün BMT tərəfindən bəyanatlar hazırlanıb və ölkələr müvafiq hesabatlarını təqdim etməyə başlayıblar. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1998-ci ildə “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmişdir, indi də bu istiqamətdə təqdirəlayiq işlər görülməkdədir. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən,  respublikada bir çox böyük tədbirlər həyata keçirilmişdir, ən ucqar rayonlarda belə bağçalar, məktəblər, uşaq evləri tikilmiş, əsaslı təmir edilmişdir. Ölkədə uşaq hüquqlarının müdafiəsi dövlət başçısının nəzarətindədir. Eyni zamanda Heydər Əliyev Fondunun köməkliyi ilə Nəsimi rayonunda yerləşən 1 saylı uşaq evi  keçən il əsaslı təmir olunmuşdur”. Gülarə Verdiyeva onu da əlavə edib ki, qəyyumluqla bağlı olan boşluqlar aradan qaldırılmalıdır, övladlığa verilən uşaqlar hər zaman nəzarətdə saxlanılmalıdır, müvafiq qurumlara təkliflər verilməlidir.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, inkişafda insan faktoru əsasdır. Azərbaycanda ailə, qadın və uşaq hüquqları istiqamətində güclü dövlət siyasəti aparılır. Sədr müavini ölkədə qadınların statusunun yüksəlməsi, ailələrin möhkəm təməllər üzərində qurulması, uşaqların sağlam mühitdə böyüməsi, təhsil alması üçün bütün imkanların yaradıldığını təlim iştirakçılarının nəzərinə çatdırıb. Sədaqət Qəhrəmanova qeyd edib ki, Azərbaycan tolerantlıq ənənələrinin, multikultiralizmin inkişaf etdiyi ölkədir. “Tolerantlıq, ilk növbədə, ailədə formalaşır, ailədə hər kəs bir-birini qəbul etməlidir. Yüksək mənəvi dəyərlər ailədə formalaşır”. Sədr müavini onu da qeyd edib ki, bəzi valideynlər övladlarını uşaq evlərinə atırlar, onların gələcəyini düşünmürlər. Yaxud uşağı övladlığa götürən şəxslər onları istismar edir, yaxşı təhsil vermir, sağlam mühitdə yaşamasını təmin etmirlər, gələcəyi barədə düşünmürlər. Bu kimi problemlərin yaranmaması üçün ictimai işin təşkili də düzgün qurulmalıdır. Verilən uşağa nəzarət edilməlidir, rayonlarda maarifləndirmə işləri aparılmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova təqdimatla çıxış edərək, təlim iştirakçılarını övladlığa götürmə istiqamətində nəşr olunan materiallar haqqında məlumatlandırıb. Vəsilə Möhsümova Azərbaycanda daxili və xarici övladlığa götürmə ilə bağlı prosesləri ətraflı qeyd edib. O, eyni zamanda, bu sahədə mövcud olan qanunvericilik bazası, valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot qaydaları, lazım olan müvafiq sənədlər barədə məlumatları diqqətə çatdırıb.

Təlim iştirakçıların müzakirəsi və sual-cavabın təşkili ilə yekunlaşıb.