“Avropada uşaqlara qarşı onlayn cinsi zorakılıq və istismara son” layihəsinin rəhbər heyətinin 3-cü iclası keçirilib
Share:
Mayın 27-si Avropa Şurasının “Avropada uşaqlara qarşı onlayn cinsi zorakılıq və istismara son” adlı layihəsinin rəhbər heyətinin 3 cü iclası keçirilib. İclas onlayn formatda baş tutub.
İclas layihəyə üzv ölkələrdə COVİD-19 pandemiyası dövründə uşaqların onlayn zorakılıq, istismarla bağlı qarşılaşdığı çətinliklər və yaranan problemlərin həlli istiqamətində qanunvericilikdə nəzərdə tutulan müddəalar əsasında atılan addımlar, qurumlar tərəfindən həyata keçirilən tədbirlər barədə müzakirələr və təkliflərin dinlənilməsinə həsr olunmuşdu.
İclasda çıxış edən layihənin ölkə üzrə əlaqələndiricisi, Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva COVİD-19 pandemiyası müddətində ölkəmizdə həyata keçirilən təcili, təxirəsalınmaz tədbirlər barədə məlumat verib. Ölkə başçısının göstərişi ilə Nazirlər Kabineti yanında aidiyyəti qurumlardan ibarət operativ qəraragahın yardıldığını, əhatəli sosial dəstək proqramlarının həyata keçirildiyini, insanların sosial təminatının normallaşdırılması üçün verilən operativ qərar və göstərişlərin yüksək səviyyədə yerinə yetirildiyi bildirilib. Xüsusi karantin rejimiinin elan edilidiyi vaxtdan ölkə üzrə həssas qrupdan olan vətəndaşların, xüsusilə uşaqların diqqət mərkəzində saxlandığı qeyd edilib. Aparat rəhbəri xüsusi karantin rejimi dövründə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan ailələrinə və Nazirlər Kabineti yanında operativ qəraragaha rəsmi müraciət edərək uşaqlara qarşı xüsusi həsaslıqla yanaşılmasına, onların bütün növ zorakılıq hallarından müdafiəsi üçün aidiyyəti orqanların, sadə vətəndaşların o cümlədən, valideynlərin, digər ailə üzvlərinin səylərinin artırılmasına çağırışını diqqətə çatdırıb.
C. Rəhmətullayeva vurğulayıb ki, dəstək layihələrinin təxirəsalınmadan bütün aidiyyəti qurumlar, o cümlədən, Komitə və onun nəzdində Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən həyata keçirilməsi, eyni zamanda ölkə üzrə bütün sosial işçi və könüllülərin, özəl biznes strukturlarının, qeyri-hökümət və xeyriyyə təşkilatlarının da bu təşəbbüslərə qoşularaq operativ fəaliyyətləri nəticəsində bu gün pandemiya ilə mübarizədə Azərbaycan daha az itkilərlə üzləşən ölkələr sırasında qərarlaşa bilib.
Layihənin idarə heyəti rəhbərliyi Azərbaycan hökümətini layihənin uğurlu tərəfdaşı kimi yüksək qiymətləndirərək həm Konvensiyanın ratifikasiyası, həm də pandemiya dövründə həyata keçirilən tədbirlərlə bağlı təşəkkürünü bildirib. Pandemiya dövründə uşaqların internet təhlükəsizliyi ilə bağlı Komitənin həyata keçirdiyi onlayn maarifləndirmə işləri və vebinarları müsbət təcrübə kimi qeyd edilib.
Görüş zamanı layihə çərçivəsində nəzərdə tutulan və pandemiya səbəbi ilə təxirə salınan fəalliyyətlər bir daha müzakirə edilib, ilin sonunadək hazırlanması planlaşdırılan təlim materialları ilə bağlı təkliflərin yığılması qərara alınıb.
Qeyd edək ki, uşaqların cinsi istismardan müdafiəsinə dair Avropa Şurasının “Lansarote” Konvensiyası müddəalarının həyata keçirilməsinə dəstək məqsədi ilə həyata keçirilən “Avropada uşaqlara qarşı onlayn cinsi zorakılıq və istismara son” layihəsi 2019-2021-ci illəri əhatə edir. Layihənin daha bir məqsədi konvensiyanı ratifikasiya etməyən ölkələrdə bu prosesin sürətləndirilməsinə dəstək verməkdir.
Layihəyə 10 ölkə üzv seçilib və Azərbaycan da 3 pilot ölkədən biri olaraq layihəyə qatılıb. Azərbaycanda layihənin həyata keçirilməsinə məsul qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ölkə üzrə əlaqələndirici şəxs Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva təyin edilib. Azərbaycan layihənin hələ başlanğıc dövründə Konvensiyanı ratifikasiya etməklə uğurlu tərəfdaş kimi Avropa Şurasının Lansarote Komitəsi ilə əməkdaşlığı davam etdirir.