Dövlət Komitəsi Dayanıqlı İnkişafa Dair Bakı Forumunda

26 October 2018

Share:

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatı dəstəyi ilə 25-26 oktyabr 2018-ci il tarixində keçirilən  Dayanıqlı İnkişafa Dair Bakı Forumunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hazırladıqları xüsusi strendlərlə təmsil olunublar.

Oktyabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın moderatorluğu ilə keçirilən “Dayanıqlı İnkişaf Məqsədlrinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə” adlı II sessiyada  Belarus Respublikasının Parlamentinin sədr müavini Marianna Şyotkina, Azərbaycan Respublikasının  Milli Məclisinin sədr müavini Bahar Muradova, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbərinin müavini, millət vəkili Tahir Mirkişili, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova çıxış ediblər.

Dayanıqlı inkişaf: mövcud olan resursların bu günkü nəsillər tərəfindən məqsədyönlü şəkildə istifadə edilərək gələcək nəsillərə ötürülməsidir deyən Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri ötən 15 il ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri əsasında yaradılmışdır. Bu sənəd ifrat yoxsulluq səviyyəsinin azaldılması, aclığa son qoymaq, gender bərabərliyi kimi 8 qlobal xarakterə malik öhdəlikləri özündə ehtiva edir. O qeyd edib ki, Azərbaycan sosial, iqtisadi və mədəni sahələrdə önəmli nailiyyətlərə imza atıb. Ölkədə hər bir vətəndaşın sosial rifahını yüksəltmək,   məşğulluğun artırılması sahəsində  son dövrlər  çox aktiv iş aparılır. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən Fərmanın əsasında yaradılacaq "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) dir. DOST- un əsas məqsədi  əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. 

Hicran Hüseynova bildirib ki, DİM-lərə nail olunması ilə əlaqədar 2030 Gündəliyindən irəli gələn öhdəliklərin həyata keçirilməsi ilə bağlı gender məsələləri ölkə qarşısında duran əsas hədəflərdəndir. DİM-lərdə gender məsələləri ilə bağlı 5-ci məqsəd – qadınlara qarşı bütün formalarda ayrı seçkiliyin və zorakılıq hallarının aradan qaldırılması, iqtisadi resurslara bərabər çıxış imkanlarının təmin edilməsi, səlahiyyətlərinin genişləndirilməsi və gender bərabərliyinin təşviq olunması kimi məsələləri əhatə edir. Bundan əlavə 5-ci məqsədlə yanaşı 1, 2, 4, 6, 8, 9, 10,11 və 13-cü məqsədlər də genderlə bağlı hədəfləri özündə ehtiva edir. Belə ki yoxsulluğun aradan qaldırılması, qidalanmanın yaxşılaşdırılması, hamı üçün ədalətli və keyfiyyətli təhsil imkanları, su ehtiyatlarından səmərəli istifadə, məşğulluq, təhlükəsizlik və ekoloji tarazlığın təmin edilməsi kimi hədəflərə nail olunmasında gender məsələləri əhəmiyyətli rol oynayır.

Dövlət Komitəsinin sədri Azərbaycanda gender siyasətinin həyata keçirilməsi, gender bərabərliyinin təmin ediləsi, cinsi ayrı-seçkiliyin aradan qaldırılması, qadın hüquqlarının təmin edilməsi və digər müvafqi istiqamətlərdə güclü qanunvericilik bazası mövcuddur: “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qəbul olunduqdan sonra bütün qanunlar  gender ekspertizasından keçirilib.  Son illər ardıcıl olaraq “Məişət zorakılığının qarşısının alınması haqqında”  Azərbaycan Respublikası Qanunu, eləcə də,  bir sıra vacib  məsələlərlə bağlı Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və digər Məcəllələrə əlavə və dəyişikliklər qəbul  edilmişdir.  Bu sənədlər ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. “Məişət zorakılığının qarşısının alınması haqqında”  Qanunun  qəbul edilməsində  Respublikanın  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu olub. Eləcə də  onun  təşəbbüsü və dəstəyi ilə reallaşan önəmli layihələr  dövlət qadın və uşaq siyasətinin daha da güclənməsinə  töhfədir.”

Hicran Hüseynova diqqətə çatdırıb ki, keçirilən iqtisadi islahatlar və bu istiqamətdə qəbul olunan dövlət proqramları, sahibkarlığın, o cümlədən, qadın sahibkarlığınin inkişafına gətirib çıxarır. Statistik rəqəmlər də müsbət dinamikadan xəbər verir: belə ki, əgər  2012-ci ildə sahibkar qadınların xüsusi çəkisi 17% idisə, 2018-ci ilin əvvəlinə bu göstərici 30%-ə çatmışdır: “Ailə Biznesinə Dəstək Mərkəzlərinin (ABAD) yaradılması yeni iş yerlərinin  açılmasını asanlaşdırmaqla yanaşı, kənd qadınları arasında kiçik və orta sahibkarlığı artırır. 2018-ci ildə  qadın sahibkarların sayı artaraq 35% -ə çatmışdır.  Son 15 ildə   dörd  min altmışdan çox (4067) qadın sahibkara  yetmiş iki tam onda beş (72,5) milyon manat  kredit verilmiş və bu kreditlərin hesabına  altı  mindən çox (6234) yeni iş yeri açılmışdır. Qeyd edim ki, gənc və  məcburi köçkünlərə verilən güzəştli kreditlərin hesabatı ayrıca aparılır.”

Qeyd edilib ki, Hökumət və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə  keçirilən  “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” 5 rayonda onlarla qadın biznes fəaliyyətinə başlayıb. Bu isə qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Bu layihənin davamlı olması və daha çox qadınların cəlb edilməsi üçün  Heydər Əliyev Mərkəzlərində Qadın Resurs Mərkəzləri yaradılıb. Burada qadınların sosial və iqtisadi hüquqları, o cümlədən, Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn digər məsələlər sahəsində qadınlara təlimlər keçirilir.

Dövlət Komitəsinin sədri bildirib ki, DİM-lər dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, biznes nümayəndələri, elm və təhsil qurumları, KİV-lər və inkişafa dəstək verən beynəlxalq təkilatların birlikdə işləmələri üçün əlverişli platformadır. Məqsədlər hamımız üçün əhəmiyyətlidir və hər birimiz gələcəyimiz üçün  ümumi məsuliyyət daşıyırıq. Gəlin ümumi problemlərimizə diqqət yetirək və bütün ölkələrin qarşılaşdığı bu problemlərin öhdəsindən gələ bilmək üçün çalışaq.

Belarus parlamentinin sədr müavini Marianna Şyotkina bildirib ki, hazırda Belarusda DİM strateji proqramlara əlavə edilir. Ölkədə bu baxımdan səhiyyənin inkişaf etdirilməsi, ömürboyu təhsilin təşviq edilməsi, məşğulluğun təminatı və digər istiqamətlərdə mühüm hədəflər müəyyənləşdirilib. Dövlətin dəstəyi olmadan bu tədbirləri həyata keçirmək mümkün deyil. Belarusda əhalinin 50 faizdən çoxunu qadınların təşkil etdiyini vurğulayan M.Şyotkina deyib ki, bu nisbət iş yerlərində çalışan əhalinin sayında da özünü göstərir. Belarusda gender bərabərliyinin təmin olunması DİM-in həyata keçirilməsində akselerator rolunu oynayır. O, DİM-ə nail olunması istiqamətində tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində vahid məlumat bazasının yaradılmasının önəmini vurğulayıb, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova bildirib ki, bu Forum Bakının dünyanı narahat edən problemlərin həllinə yüksək diqqət yetirməsinin göstəricisidir. DİM-ə nail olunmasında cəmiyyətin bütün təbəqələrinin iştirakının və yüksək səviyyədə əlaqələndirmənin önəmini vurğulayan Bahar Muradova Milli Məclisin ölkəmizdə bir çox problemlərin həlli istiqamətində mühüm qanunlar qəbul etdiyini deyib. O bildirib ki, parlamentin qəbul etdiyi qanunlar, Azərbaycanda büdcənin sosialyönümlü olması, ehtiyac meyarının ildən-ilə artırılmasının qanunvericilikdə təsbiti, kiçik və orta sahibkarlığın inkişafına dəstək, ailə təsərrüfatlarının yaradılması, əhalinin maliyyə mənbələrinə əlçatanlığının təmin edilməsi, iştirakçılık haqqında qanunun qəbulu, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər ölkəmizdə DİM-ə nail olunması baxımından çox əhəmiyyətlidir.

Parlamentin bu prosesdə bir sıra mühüm aspektlərə diqqət yetirməsinin əhəmiyyətini qeyd edən vitse-spiker bildirib ki, Milli Məclis qanun yaradıcılığı ilə yanaşı, onların icrasına nəzarət, büdcədə həssas qrupların, aztəminatlı təbəqələrin diqqət mərkəzində saxlanılmasına da çalışır. Bu sahədə fəaliyyət nəticəsində əldə olunan uğurlar DİM ilə bağlı Azərbaycanın təqdim etdiyi icmalda əksini tapıb. Parlamentin DİM-in həyata keçirilməsində əsas qurumlardan biri olduğunu vurğulayan Bahar Muradova bu baxımdan güclü, şəffaf inklüziv qruplar üçün qanunvericilik bazasının möhkəmləndirilməsinin mühüm yer tutduğunu deyib.

Parlamentin digər funksiyasının təmsilçilik olduğunu qeyd edən Milli Məclisin sədr müavini bildirib ki, təmsilçilik prosesində DİM-ə çatmağa mane olan problemlərin, qanunlardakı boşluqların, cəmiyyət həyatında məqsədlərə çatmağı ləngidən səbəblərin monitorinqini aparmaqla qanunvericilik sahəsində hədəfləri müəyyənləşdirə və əsas hədəflərimizə nail ola bilərik. Parlament hökumətin diqqətini DİM-ə yönəltməklə yanaşı, bu sahədə ictimai müzakirələr təşkil etməklə bütün maraqlı qrupların bu prosesə cəlb olunmasını, onların iştirakını təmin etməyi və fəaliyyətlərinin əlaqələndirilməsini həyata keçirir. O, bu baxımdan Milli Məclisin İqtisadiyyat Nazirliyi ilə birlikdə qanunların icrasının monitorinqini apardığını bildirib.

Bahar Muradova DİM-in icrasına dəstək verən qanunların qəbulunun vacibliyini qeyd edib. Bildirib ki, bu prosesdə parlamentlə yanaşı, DİM-in reallaşmasına cəlb olunan bütün qruplar fəal iştirak etməlidirlər. O, ölkəmizdə bir sıra qanunlara dəyişiklik və əlavələrin olunmasının nəzərdə tutulduğunu vurğulayıb. Bildirib ki, təkcə azad iqtisadi zonanın yaradılması 80-ə yaxın qanuna əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutur.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, dünyada baş verən hadisələr inkişafın yetərli olmadığını göstərir, bunun üçün sabitliyin təmin edilməsi vacibdir. Dünyanın gələcəyi üçün insanın yaradıcı və yenilikçi olması, əməkdaşlığa meyilliliyi vacib əhəmiyyət daşıyır. DİM-in hazırlanmasında cəmiyyətin bütün təbəqələrinin iştirak etdiklərini vurğulayan T.Mirkişili bildirib ki, buna görə də bu məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsi zəruridir. Dünyada orta yoxsulluq həddinin 1990-cı ilə nisbətən iki dəfə azaldığını deyən deputat qeyd edib ki, cəmiyyətin inkişafı yoxsulluq anlayışının əhatə dairəsini dəyişdiyini göstərir.

Müasir texnologiyaların inkişafı nəticəsində mərkəzində insan olan yeni idarəetmə fenomeninin yaradıldığını qeyd edən T.Mirkişili bildirib ki, Azərbaycan DİM-də əksini tapan hədəflərin bir çoxuna nail olub. Azərbaycanda son 15 ildə yoxsulluq on dəfədən çox azalıb. Azərbaycanda ailə təsərrüfatının inkişafı, özünüməşğulluğun təminatı istiqamətində dövlətin yürütdüyü siyasət bu sahədə də mühüm uğurların qazanılmasına təminat yaradır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda gənclər böyük potensiala malikdir, onlara daim yüksək diqqət göstərilir. Buna görə də Azərbaycan dövlətinin gənclərlə bağlı qəbul etdiyi dövlət sənədlərində DİM ilə uzlaşan bir çox məsələlər əksini tapıb. Onların arasında gənclərin qərarvermə prosesində iştirakı, erkən nikahların qarşısının alınması, liderlik məktəblərinin təşkili kimi məsələlər mühüm yer tutur.

Gənclərin cəmiyyətdə həmişə yüksək fəallıq göstərdiklərini, onların yeni ideyalarla çıxış etmək imkanlarına sahib olduqlarını vurğulayan İ.Babayev bu baxımdan DİM-in hər bir məqsədi üzrə 17 gənc səfirin seçilməsinin dövlət və vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlığın göstəricisi olduğunu deyib. Nazir müavini vurğulayıb ki, Azərbaycan gəncliyi DİM ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək üçün hər cür qabiliyyətə və istedada malikdir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) sədri Məryəm Məcidova Şuranın sıralarında 127 gənclər təşkilatını birləşdirdiyini vurğulayıb. O, GTMŞ-yə üzv qurumların DİM-ə nail olunması prosesində fəallıq göstərdiklərini vurğulayıb. 2016-cı ildən "Gənclər daha yaxşı gələcək uğrunda" kampaniyasının reallaşdırılmasına başlanıldığını deyən qurumun sədri bildirib ki, kampaniya çərçivəsində ölkəmizin müxtəlif bölgələrində geniş layihə və tədbirlər reallaşdırılıb. Şuranın sədri bu tədbirlərdə gənclərə DİM haqqında ətraflı məlumat verildiyini bildirib.

Bu gün Azərbaycanda gənc liderlərin yetişməsi və fəaliyyəti üçün geniş imkanların yaradıldığını vurğulayan M.Məcidova həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sessiya ərzində DİM məqsədlərinin həyata keçirilməsində heç kimin geridə qalmaması prinsipinə əsaslanaraq bütün maraqlı tərəflərin proesə cəlb edilməsi və bütün səviyyələrdə effektiv iştitakı təmin edilməsinə dair müzakirələr aparılıb.

Tədbir çərçivəsində Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Belarus parlamentinin sədr müavini Marianna Şyotkina ilə ikitərəfli görüşü baş tutub. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. 

Forum zamanı Azərbaycan ailə modelini təsvir edən, ölkəmizdə qadın və uşaq hüquqları istiqamətində görülən işləri əks etdirən xüsusi stendlər nümayiş olunub. Stenddə Dövlət Komitəsi tərəfindən hazırlanan fotoşəkillər, kitablar, bukletlər və digər çap məhsulları, eləcə də müvafiq istiqamətlərdə filmlər nümayiş olunub.

Forumun yekununda Forumun nəticələrinə dair Bakı Bəyannaməsi qəbul ediləcək.