“Azərbaycan qadını: tarixilik və müasirlik” adlı yazı müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirildi

10 October 2018

Share:

10 oktyabr 2018-ci il tarixində Hökumət evinin akt zalında “Azərbaycan qadını: tarixilik və müasirlik” adlı yazı müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Sədaqət Qəhrəmanova çıxış edərək, əvvəlcə jurnalistlər arasında elan olunan müsabiqə haqqında məlumat verib. O qeyd edib ki, Dövlət Komitəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə bir sıra tədbirlər keçirilir.  Bunlardan biri də Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə jurnalistlər arasında "Azərbaycan qadını: tarixilik və müasirlik" mövzusunda yazı müsabiqəsidir: “Bu həm də xalqımızın inkişafında və dövlətçilik ənənələrinin yaradılmasında sonsuz xidmətləri olan  bu tarixi şəxsiyyətlər qarşısında mənəvi borcdur. Müsabiqə  iştirakçıları ötən 100 ildə  Azərbaycan qadın hərəkatı tarixində  silinməz  izlər qoyan, cəmiyyətdə yüksək nüfuz qazanmış, həyatı, fəaliyyətiləri ilə daim xatirələrdə yaşayan qadınlarımız haqqında məqalələr təqdim ediblər. Müsabiqəyə 50-ə yaxın yazı daxil olub. Yazılar  məzmununa, tarixi məlumatlar və faktlara,  peşəkarlıq səviyyəsinə, oxucu üçün mövzunun əhəmiyyəti və informasiyalılıq dərəcəsinə görə  qiymətləndirilib”.

Sədr müavini Azərbaycanda ilk qadın mətbu orqanı kimi nəşr olunan “İşıq” qəzeti haqqında danışaraq, ilk redaktor Xədicə Əlibəyovanın fəaliyyətini yüksək qiymətləndirib. O, AXC dövründə öz həyat və səmərəli fəaliyyətləri ilə seçilən Azərbaycan qadınları haqqında məlumatları diqqətə çatdırıb və qeyd edib ki, bu informasiyaları ictimaiyyətə çatdırmaq bizim işimizdir. Və əlavə edib ki, bu mövzu öz dünyəviliyi ilə seçilir və qadınları əhatə edən materialların mütəmadi yazılmasına və hazırlanmasına hər zaman ehtiyac vardır. S.Qəhrəmanova qadınlarımızın tarxini araşdırmaq üçün həm jurnalistlərlə, həm alimlərlə, Elmlər Akademiyası üzvləri və aidiyyəti şəxslərlərlə əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sədr müavini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında danışaraq, birinci xanımın fəaliyyətinin bütün qadınlara parlaq nümunə olduğunu vurğulayıb. O, Mehriban xanım Əliyevanın dövlət idarəçiliyindəki, xeyriyyə sahələrindəki geniş fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Sədr müavini diqqətə çatdırıb ki, bu gün həm də ona görə əlamətdardır ki, görkəmli şərqşünas alim, Azərbaycan qadının obrazının mühüm nümayəndələrindən olan Aida İmanquliyevanın doğum günüdür. O, öz elmi fəaliyyəti, Azərbaycan elminə verdiyi əhəmiyyətli töhfələri ilə daim qəlblərdə yaşayır və yaşayacaqdır. Aida xanım kimi qadın alimlərimizin olması bizim üçün fəxrdir.

Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxış edərək, bu tədbirin və müsabiqənin əhəmiyyətini qeyd edib. O bildirib ki, Komitənin tariximizə iz qoyan qadınlarımız haqqında gördüyü silsilə işlər və araşdırmalar təqdirəlayiqdir. S.Vəliyeva bildirib ki, tariximizdə özünəməxsus yer tutan hər bir qadınımızın həyatı bir dastandır. Hənifə Məlikova kimi xanımlarımızın fəaliyəti bir məktəbdir. O təklif edib ki, bu müsabiqə davam etsin və çap olunan “Cümhuriyyətə işıq saçan qadınlar” kitabı ali məktəblərə təqdim olunaraq tədris olunsun.  Çünki Azərbaycan qadınlarının tarixdəki rolunu dəyərləndirmək lazımdır. O, eyni zamanda Ulu Öndərin qadınlarımıza verdiyi önəmi xüsusilə qeyd edib və bildirib ki, Heydər Əliyev qadınlarımıza inanaraq, onları dövlət işinə fəal cəlb edirdi. S.Vəliyeva şərqşünas alim Aida İmanquliyevanın elmimizə bəxş etdiyi töhfələri də diqqətə çatdırıb.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, jurnalistlər arasında bu cür müsabiqələrin keçirilməsi zəruri və təqdirəlayiq bir haldır. Belə əhəmiyyətli tədbirlər gənc nəsilin həm yaradıcılığa, həm də elmi fəaliyyətə cəlb edilməsinə köməklik göstərəcəkdir. O, AXC dövründə Şərqdə ilk dəfə olaraq, Azərbaycanda qadınlara seçkilərdə iştirak etmək hüququ verilməsinin əhəmiyyətini və bunun da qadınlarımızın fəaliyyətinə töhfə verdiyini xüsusi olaraq qeyd edib.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ili “Cümhuriyyə ili” kimi qeyd edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini və bu çərçivədə həyata kçeirilən tədbirlərin xüsusiyyətini diqqətə çatdırıb. O deyib ki, bu gün qadınların ailə və karyera balansını saxlaya bilməsi ətrafında çoxlu fikir mübadiləsi aparılır və belə qənaətə gəlinir ki, doğurdan da qadınlarımız bunun öhdəsindən gəlməyi bacarırlar. Azərbaycan qadını daim stereotipləri qırmaq istəyən, stereotiplərdən azad olmayan istəyən qadındır. C.Səttarova jurnalistlər arasında elan olunan müsabiqə haqqında danışaraq bildirib ki, bu mövzu olduqca məhsuldar və vacibdir. Jurnalistlər belə mövzulara daim diqqətlə yanaşmalı və bu istiqamətdə çalışmaqdan yorulmamalıdırlar, çünki onlar düşüncələri və qələmləri ilə cəmiyyəti qabağa aparmalıdırlar.

BDU-nun Azərbaycan Tarixi Kafedrasının dosenti Lətifə Əliyeva bildirib ki, tariximizdə iz qoyan qadınlarımız haqqında araşdırmalara başlayan dövrdə hələ bu istiqamətdə araşdırmalar və kitablar az idi. Təkcə ölkəmizdə deyil, bütün dünyada qadınların həyat və fəaliyyətini araşdıran kitab və araşdırmalara rast gəlmək çətin idi. Ona görə də bu mövzu mənim üçün xüsusi ilə maraq kəsb etməyə başladı. O, bu dövrə aid apardığı arşdırma və təhlillər eləcə də kitablar haqqında məlumat verərək qeyd edib ki, bu yaxınlarda “Şəfiqə Əfəndizadənin seçilmiş əsərləri” adlı yeni kitab təqdim olunacaqdır.

Çıxışlardan sonra “Azərbaycan qadını: tarixilik və müasirlik” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

I yerin qalibi kimi Azərbaycan İnformasiya Mərkəzinin direktoru Təbriz Vəfalı, II yerin qalibi kimi “Xalq” qəzetinin müxbiri Ülviyyə Vahidqızı, III yerin qalibləri kimi Avrasiya İnformasiya Agentliyinin baş redaktoru Cavid  Şahverdiyev və “Gəncənin səsi” qəzetinin müxbiri Gülnar Rzayeva mükafatlandırılıb. Qaliblərə diplom və pul mükafatı təqdim olunub.

I yerə layiq görülən məqalə: Adları Vətən sözündən əvvəl yazılanlar”

II yerə layiq görülən məqalə: “Şərəfli ad və dürüst əməl”

III yerə layiq görülən məqalələr: “Azərbaycan qadını - əzmkarlığı, mübarizliyi ilə dünya qadınlarına örnək “Azərbaycan qadını: hürr və azadə”