“Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilib
Share:
Sentyabrın 20-də Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans işə başlayıb.
Konfransın açılışında çıxış edən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov tədbirin mövzusunun əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycanın qadınlarının təhlükəsizlik sahəsində fəal iştirakının təmin olunmasında əməkdaşlığa hər zaman hazırdırlar. Azərbaycan-NATO əlaqələrindən danışan Qaya Məmmədov qeyd edib ki, Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır və bizim təhlükəsizlik problemləri üzrə sıx əməkdaşlıq tariximiz var. NATO Azərbaycanın Əfqanıstandakı missiyaya daimi töhfəsini, eləcə də Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin hazırlanması işinə dəstəyini yüksək qiymətləndirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransda çıxış edərək Azərbaycanda qadınların hüquqlarının müdafiəsi, gender bərabərliyi barədə ətraflı məlumat verib. O, həmçinin Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması barədə danışıb. Bildirib ki, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 400 mindən çoxunu qadın, 300 mindən çoxunu uşaq təşkil edir. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Həmin soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb. Azərbaycan münaqişə müddətində 1114 nəfərin əsir və girovluqdan azad edilməsinə nail olub. Əsirlikdən xilas olanlardan 223-ü uşaq, 363-ü qadın, 224-ü yaşlı insanlardır. Onların yenidən cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir. Eyni zamanda, 29 uşaq, 98 qadın və 112 qoca hazırda girovluqdadır. Onların taleyi hələ də məlum deyil və bu gün də bu bizi çox narahat edir. Hicran Hüseynova vətəndaş cəmiyyətlərini, beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıb. Komitə sədri bildirib ki, Azərbaycan dövləti hər zaman beynəlxalq prinsiplərə hörmətlə yanaşır və bütün məsələlərin sülh yolu ilə həll olunmasına tərəfdardardır. Ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədlər və Konvensiyalar da buna əyani sübut edir. Bunlardan biri də Sülh və təhlükəsizlik haqqında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsidir. Bu prinsiplərə əsaslanaraq qadınların sülh prosesində fəal iştirakına imkan yaratmaq məqsədilə 2002-ci ilin sentyabr ayında "Koalisiya 1325" yaradılmışdır. Qısa bir zamanda koalisiya bir qrupdan millisəviyyədə tanınan, gender bərabərliyini təmin edən bir təşkilta çevrilmişdir. H. Hüseynova BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin Azərbaycan üçün Milli Fəaliyyət Planının hazırlanması üzrə İşçi Qrupu yaradıldığını bildirib. Dövlət qurumları və qeyri-hökumət, eləcə də bu sahə üzrə yerli və beynəlxalq ekspertlərin iştirak ilə təlimlər keçirilmiş, bir sıra ölkələrdə təcrübə mübadilələri aparılmışdır. Milli Fəaliyyət Planının ilkin forması hazırlanıb və rəylər alnmaqdadır.
NATO baş katibinin müavini xanım Rouz Gotemoller mövzunun aktuallığını qeyd edib. O, Azərbaycan dövlətinin eyni zamanda, qadınların silahlı münaqişələrin qarşısının alınması və sülhə nail olması sahəsində fəaliyyətini yüksək qiymətləndirərək bu istiqamətdəki təşəbüslərin daha da artırılmasını vurğulayıb.
Konfrans panellər üzrə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə iclaslarla davam edib.