Azərbaycan Kənd Qadınları Assosiasiyanın təqdimat mərasimi keçirildi
![](https://family.gov.az/store/media/post/HX.jpg)
Share:
5 mart 2019-cu il tarixində Azərbaycan Kənd Qadınları Assosiasiyanın (AKQA) təqdimat mərasimi keçirilib.
Tədbirdə 350 qadın fermerlə yanaşı, dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.
Ölkəmizdə kənd təsərrüfatına göstərilən diqqət və qayğıdan, fermerlərə yaradılan əlverişli şəraitdən danışan Kənd təsərrüfatı naziri İnam Kərimov qadınlara müraciətlə deyib: “Aqrar sahənin inkişafı, kənd əhalisinin rifah halının yaxşılaşdırılması üçün atılan hər bir addımda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyinə əmin ola bilərsiniz”.
Qeyd olunub ki, Kənd Qadınları Assosiasiyası ölkədə Qadın İnkişaf Qruplarının milli şəbəkəsi kimi fəaliyyət göstərəcək. Təşkilatlanma hazırda fəaliyyət göstərən qadın qruplarını gücləndirəcək və yeni qrupların yaradılmasına xidmət edəcək. Təşkilatın biznes inkubatorlara dəstək verməsi və rəsmi maliyyə kanallarına çıxışı təmin etməsi də gözlənilir.
“Qadın İnkişaf Qrupları Azərbaycan Kənd Qadınları Assosiasiyası vasitəsilə regional və ölkə səviyyəsində şəbəkələşəcək. Bu, onlara öz bizneslərinin həcmini və miqyasını genişləndirməyə imkan verir. AKQA həm də onlara resurslar tapmaqda və öz məhsullarını satmaqda kömək edəcək”, – deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qadınların məşğulluğunun artırılması istiqamətində dövlətimizin həyata keçirdiyi mühüm tədbirlərdən söz açıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri Mələk Çakmaz çıxışında bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışanların təqribən 50 faizi qadınlardır. Bu baxımdan onların potensialından istifadə etmək günün tələbidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadın sahibkarların fəaliyyətindən söz açıb, bu istiqamətdə həyata keçirilən layihələri, görülən işləri təqdir edib. Statistik rəqəmlərə müraciət edən H.Hüseynova bildirib ki, hazırda ölkəmizdə ümumi sahibkarların 35 faizini qadınlar təşkil edir. Bu isə dövlətimizin qadın sahibkarlığının inkişafına diqqət və qayğısının bariz nümunəsidir.
Sonra tədbir digər çıxışlarla davam edib.