Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Türk Dünyası Qadın Platformasının (TÜRKAP) bir qrup fəal üzvü ilə görüşü keçirilib
![](https://family.gov.az/store/media/post/NewFolder/46998193_2130916410263196_4210468431541043200_n.jpg)
Share:
29 noyabr 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Türk Dünyası Qadın Platformasının (TÜRKAP) bir qrup fəal üzvü ilə görüşüb.
Görüşdə Türkiyə Böyük Millət Məclisi AKPARTİ millət vəkili, Dilekçe Komissiya rəhbəri Mihrimah Belma Satı, Şimali Kipr Türk Respublikasının millət vəkili Resmiye Canalta, Qırğızıstan millət vəkili Elvira Surabaldiyev, Türkiyə Böyük Millət Məclisinin Müşaviri Şebnem Çıldır, Türkiyə Böyük Millət Məclisi Xarici Əlaqələr və Protokol Xidmətinin əməkdaşı Xanım Didem Hastürk, Hesablama Palatasının auditoru Mehriban Alışanova, “Milli Məclis” jurnalının baş redaktoru, Nəşriyyat və poliqrafiya sektorunun müdiri Ülviyyə Abdullayeva, TÜRKAP təsisçi rəhbəri İlhame Novruzova, TÜRKAP təsisçisi Zait Nəhmətov, Aztəminatlı Ailələr və Əlillərə Yardım Fondu İctimai Birliyinin rəhbəri, AR Ədliyyə Nazirliyində xidmət rəisi Gülbəniz Bayramova və Komitə nümayəndələri iştirak edib.
Görüşdə Dövlət Komitəsinin sədri türkdilli ölkələrlə əməkdaşlığın gücləndirilməsinin, həyata keçirilən layihələrdə səmərəliliyin artırılmasının əhəmiyyətini qeyd edib. Hicran Hüseynova deyib ki, türkdilli dövlətlərin bütün sahələrdə geniş əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Xüsusən də qadın hüquqlarının müdafiəsi istiqamətində türkdilli ölkələrin əməkdaşlığı çox vacibdir.
Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığını deyən Komitə sədri gender bərabərliyinin təmin edilməsinə dair bir sıra layihələr həyata keçirildiyini diqqətə çatdırıb: “Azərbaycan qadın hüquqlarının müdafiəsi istiqamətində tətbiq etdiyi təcrübəni müxtəlif ölkələrlə bölüşür. Bu gün Azərbaycanın ictimai, siyasi, mədəni, sosial həyatında qadınların iştirakının artması müşahidə olunur. Qadınlar müasir dünyada problemlərin həllində daha fəal iştirak etməli, xüsusən terrorizmə qarşı mübarizə, dövlətlərin ərazi bütövlüyü, ailə və uşaq hüquqları kimi məsələlərə həssas yanaşmalı, daha qətiyyətli mövqe ortaya qoymalıdırlar.”
Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi dəstəyi nəticəsində olduğunu xüsusilə vurğulayıb. O, 2006-cı ildən etibarən Azərbaycanda gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunlar qəbul olunduğunu, eyni zamanda, komitə sədri bu qanunların qəbul edilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da böyük dəstəyini qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin üzvü Mihrimah Belma Satır Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işləri yüksək qiymətləndirdiklərini qeyd edib. Bildirib ki, Azərbaycanda qadın hüquqları ilə bağlı hələ ötən əsrin əvvəlindən ciddi addımlar atılıb. Bu, çox təqdirəlayiqdir. Türkdilli ölkələrdə qadınların ən böyük uğuru onların təhsilə açıq olmalarıdır. XXI əsrdə hədəflərə çatmaqda qadınlar daha iddialıdırlar.
Görüşdə digər çıxış edənlər dünyada elm, təhsil, səhiyyə sahələrində qazanılan uğurlarda türk qadınlarının rolunun artdığını vurğulayıblar. Qeyd olunub ki, türkdilli dövlətlər arasında münasibətlərin daha da yaxşılaşdırılması, bütün səviyyələrdə əlaqələrin intensivləşdirilməsi üçün mühüm addımların atılması, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Görüş çərçivəsində əməkdaşlığın genişləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsində və həyata keçirilən layihələrdə səmərəliliyin artırılması istiqamətində, ikitərəfli memorandumun imzalanması ətrafında müzakirələr aparılıb.