Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
Share:
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət ailə, qadın və uşaq siyasəti sahəsində 2017-ci ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov, millət vəkilləri Aqiyə Naxçıvanlı, Sahibə Qafarova, Rauf Əliyev, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Komitənin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə, İctimai Şuranın digər üzvləri, QHT rəhbərləri, Komitənin nəzdində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin rəhbərləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iclası giriş sözü ilə açaraq bildirib ki, “Müasir Demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün hörmətli cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Dünyada baş verən kataklizmlər fonunda, vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrdə davamlı və dinamik sürətlə inkişaf edir. İnfrastrukturun, o cümlədən, sosial infrasturkturun yaradılması, yeni müəssisələrin, texno və sənaye parklarının açılması ümumi iqtisadi inkişafla yanaşı, regionların, ən ucqar kəndlərinin inkişafına təkan verir, insanların rifahını yaxşılaşdırır. Bütün bunlar ailə istitutunun möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsinə öz müsbət təsirini göstərir.Sonra Dövlət Komitəsinin sədri il ərzində ailə, qadın və uşaq istiqamətlərində görülən işlər, həyata keçirilən layihələr haqqında ətraflı məlumat vermiş, həllini gözləyən bir sıra məsələlərə münasibət bildirmişdir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov qeyd edib ki, Azərbaycan hökuməti ailələrin, uşaqların, qadınların rifahının yüksəldilməsini daim nəzarətdə saxlayır. O, bildirib ki, hər üç istiqamətdə çox güclü iş aparılıb, lakin hələ də müəyyən işlər görülməlidir.
Kollegiyada çıxış edən millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Aqiyə Naxçıvanlı Komitə ilə birgə həyata keçirilən tədbirlərdən bəhs edərək, aparılan əməkdaşlığın müsbət nəticələr verdiyini vurğulayıb. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələrindən bəhs etmişdir. Millət vəkili Sahibə Qafarova isə diqqəti beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində edilən əməkdaşlıq məsələlərinə yönəldərək, beynəlxalq standartların vacibliyini və Komitənin bu sahədə əldə etdiyi müsbət təcrübəni qeyd edib.
Millət vəkili Rauf Əliyev isə maarifləndirmə işlərinin zəruriliyini nəzərə çatdıraraq, bu sahədə gürülən işləri müsbət dəyərləndirib. Komitənin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutunun birgə fəaliyyətini önə çəkərək, Komitənin bu sahədəki fəaliyyətini müsbət qiymətləndirib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2017-ci il üzrə fəaliyyəti haqqında illik hesabatı və 2018-ci ilin birinci yarısı üçün İş Planı haqqında məlumatlar dinlənilib.
Sonda Dövlət Komitəsinin 2017-ci il üzrə illik hesabatı qəbul olunub.