Xaçmaz rayonunda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçiriləcək

21 September 2015

Share:

BMT-nin 30 noyabr 1981-ci il tarixli qərarı ilə sentyabrın 21- i dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Bu tarix nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə zorakılığa qarşı mübarizənin aparılmasına və birgə yaşayışın təmin edilməsinə nail olmaq üçün bir gündür. Bu səbəbdən də,  21 sentyabr  bütün planet insanları üçün çox vacibdir.  

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının  müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na  və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə imzalanmış “2015 – 2016 – cı illər üçün birgə işin təşkilinə dair Tədbirlər Planı”na əsasən, cəmiyyət üzvləri arasında Azərbaycan ailəsinə xas dəyərlərin, cəmiyyətdə və ailədə tolerantlıq mədəniyyətinin təbliği məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində 21 sentyabr 2015-ci il tarixində Xaçmaz rayonunda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.

Konfransda Xaçmaz, Quba, Qusar, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala rayonlarını təmsil edən milli azlıqlar, etnik qruplar və digər millətləri təmsil edən ailələrlə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə və Dini Qurumlarla iş üzrə Dövlət Komitələrinin rəhbər nümayəndələri, Beynəlxalq təşkilatların nümayəndələri, Xaçmaz rayon ictimaiyyəti, dini icma üzvləri və ekspertlər iştirak edəcəklər.

Tədbirin 1-ci hissəsi 21 sentyabr 2015-ci il tarixində, saat 10:15-də Xaçmaz rayonunda yerləşən Tarix və Diyarşünaslıq Muzeyində, tədbirin 2-ci hissəsi 13:30-da “Şahzadə” şadlıq sarayında keçiriləcəkdir.