Zirə Mədəniyyət Mərkəzində “Yeni il” şənliyi keçirilib
Share:
27 dekabr tarixində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün ailələrindən olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün Zirə Mədəniyyət Mərkəzində “Yeni il” şənliyi təşkil edilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Qeyd edək ki, tədbirdə iştirak edən gənclər Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə noyabrın 20-də Bakıda keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarıdır.
Tədbir zamanı uşaqlar IDEA İctimai Birliyinin Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzində olublar. Daha sonra Mərkəzdə və ekoparkın ərazisində onlar üçün tur təşkil edilib. Uşaqları yaşıllıqların qorunmasına cəlb etmək, onlarda kiçik yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq məqsədilə Mərkəzin həyətində onlarla birgə ağac və güllər əkilib. Gənc təbiətsevərlərə ətraf mühitə zərər vermədən “Yeni il” küknarının hazırlanması yolları izah olunmuş, həmçinin yaşıllıqların qorunması, ağacların düzgün əkilməsi və suvarılması ilə bağlı geniş məlumat verilib.
Daha sonra uşaqlara ölkəmizin əsrarəngiz təbii gözəlliklərini göstərmək və təbiətimizin mühafizəsinin vacibliyini diqqətə çatdırmaq məqsədilə IDEA İctimai Birliyinin xüsusi layihəsi olan "Azərbaycanın 9 möcüzəsi" silsiləsindən "Quşlar cənnəti - Ağgöl Milli Parkı" sənədli filmi nümayiş etdirilib.
Sonda IDEA İctimai Birliyi tərəfindən tədbirdə iştirak edən gənclərə Yeni il hədiyyələri təqdim edilib.
Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən forum iştirakçılarını toplamaqda məqsəd onlara maraqlı Yeni il şənliyi təşkil etməklə yanaşı, yaşlarından asılı olmayaraq aktiv gəncləri ətraf mühit problemlərinin həllinə cəlb etmək, təbiətin mühafizəsi yolunda mübarizəyə qoşulmalarına və bu sahədə liderlik qabiliyyətlərini inkişaf etdirmələrinə təkan verməkdir.
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların maarifləndirilməsinə və sağlam həyat tərzi keçirmələrinə, o cümlədən BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərində uşaqların maraqlarının təmin edilməsi ilə bağlı göstərilən hədəflərə nail olmağa xüsusi önəm verir.