“İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Bakı Dövlət Sosial İqtisad Kollecində keçirildi
Share:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə gənclər arasında insan alveri və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.
Bu istiqamətdə görülən işlərin davamı olaraq, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə, “İnsan alverinin qurbanı olma!” adlı genişmiqyaslı maarifləndirmə layihə çərçivəsində növbəti tədbir 8 dekabr 2017-ci il tarixində Bakı Dövlət Sosial İqtisad Kollecində Komitə əməkdaşlarının və eləcə də aidiyyatı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə kollec tələbələri üçün keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Sosial İqtisad Kollecinin direktorunun Tədris işləri üzrə müavini Sabir Süleymanov tədbir iştirakçılarını salamlayıb, problemin aktuallığını qeyd edərək, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva Komitə tərəfindən insan alveri ilə mübarizə sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən görülmüş işlər barədə məlumat verib, insan alverinin fəsadlarının cəmiyyət üzvlərinə çatdırılmasında filmlərin, sosial çarxların önəmini vurğulayaraq, “Azərbaycan Ailəsi” Film Festivalı barədə geniş məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin məsləhətçisi Azər İsalı mövzu ilə bağlı təqdimat nümayiş etdirərək, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədə məlumat verib.
Sonra tədbir iştirakçılarına Komitə tərəfindən keçirilən “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş insan alveri mövzusunda “Günahkarlar yoxsa günahsızlar” adlı film nümayiş edilib.
İnsan alveri qurbanlarına yardım mərkəzinin direktoru Nəzakət Balabəyova insan alveri ilə mübarizə istiqamətində qanunvericilikdə atılan addımları qeyd edərək insan alveri qurbanları üçün yaradılmış sığınacaqlar barədə məlumat verib.
Sonda mövzu ətrafinda müzakirələr aparılıb və kollecin kitabxanasına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.
“İnsan alverinin qurbanı olma!” adlı layihə çərçivəsində tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.