“Mən həyatı seçirəm” adlı layihə çərçivəsində növbəti tədbir Bakı Neft Energetika Kollecində keçirildi
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.
Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir 7 dekabr 2017-ci il tarixində Bakı Neft Energetika Kollecində komitə əməkdaşlarının və ekspert qismində “Sağlam ailə” Tibb Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Neft Energetika Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov tədbir iştirakçılarını salamlayıb, problemin aktuallığını qeyd edərək, tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz minnətdarlığını bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova Komitənin fəaliyyət istiqamətlərindən, xüsusilə də ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən layihələrdən söhbət açaraq hal-hazırda respublikamızda hər 3 istiqamətin prioritet olduğunu bildirib.
“Sağlam ailə” tibb mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmli çıxış edərək layihənin gənc nəslin sağlam ruhda yetişməsində əhəmiyyətini vurğulayıb .
Daha sonra “Sağlam ailə” tibb mərkəzinin həkim-təlimçisi Əlişir Mirzəyev mövzu ilə bağlı təqdimatla çıxış edərək gənclərin səhhətlərində yarana biləcək xəstəliklər və bu xəstəliklərdən qorunmağın yolları haqqında geniş məlumat verib. Əlişir Mirzəyev gənclərə ailə qurmadan öncə əməl etməli olduqları məsələlər, qan yol ilə keçən müxtəlif xəstəliklər haqqında informasiya verilməsinin zəruri olduğunu qeyd edib. Sonra mövzu ətrafında müzakirələr aparılıb və kollec tələbələrini maraqlandıran suallara cavab verilib.
Sonda kollecin kitabxanasına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.