Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir

20 November 2017

Share:

Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı gördüyü işlər təqdirəlayiqdir.

Bu fikir  Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQPUDK) sədri Hicran Hüseynovanın UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan ilə görüşündə səsləndirilib.

Görüşdə Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda həyata keçirilən dövlət uşaq siyasəti barədə məlumat verib.

O deyib ki, dövlətimizin uşaqlara diqqət və qayğısı hər zaman prioritet məsələlərdən biridir. Uşaqların hüquqlarının qorunması istiqamətində bütün imkanlar yaradılıb. Baş nazirin müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb. O əlavə edib ki, Komitə uşaqların müdafiəsi ilə bağlı xeyli işlər görüb.

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən layihələri dəstəklədiyini deyib. O qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün atdığı addımlar təqdirəlayiqdir.