Hicran Hüseynova: “Azərbaycanda sahibkar qadınların sayı artır”

29 June 2015

Share:

29 iyul 2015-ci il tarixində “Vəfa collection” tikiş emalatxanasının açılış mərasimi baş tutub. Açılış mərasimində iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova bu günü fərəhli gün adlandıraraq, hamının Azərbaycan qadınının arzusunu həyata keçirməsinə, zəhmətinin bəhrəsini görə bilməsinə parlaq nümunənin şahidi olduğunu bildirib. Komitə sədri çıxışı zamanı onu da əlavə edib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün hər cür şərait yaradılıb. “Dünyanın bir sıra ölkələrində iqtisadi böhranın dərinləşməsinə baxmayaraq, Azərbaycanda yeni iş yerlərinin sayı gündən-günə artır və indiki obyekt də buna bariz nümunədir. Bununla yanaşı, düşünürəm ki, “Vəfa collection” rəhbərinin nümunəsi mülkiyyətçi olmaq istəyən zərif cinsin digər nümayəndələri üçün ilham və motivasiya mənbəyi olacaq” deyə Hicran Hüseynova bildirib. Daha sonra “Vəfa collection”ın rəhbəri Vəfa Muradzadə arzusunu həyata keçirməkdə ona kömək edən şəxslərə və təşkilatlara öz təşəkkürünü bildirib. Və qeyd edib ki, şirkət 10 ildir yerli bazardadır və bu illər ərzində yerli istehsala töhfəsini vermək üçün bütün qüvvəsini sərf edib. “Son illər Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində sahibkarlıqla məşğul olan qadınların sayı çoxalıb” deyə bildirən İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova isə Azərbaycanda qadın sahibkarların əsasən yüngül sənayedə, yəni toxuculuq, xalçaçılıq, tətbiqi sənət, xalq yaradıcılığı, elm və təhsil, qida sənayesi, kənd təsərrüfatı, ticarət sahəsində çalışdığını deyib. “Vəfa collection”ın açılış mərasimində, həmçinin Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri də iştirak ediblər. Qeyd edək ki, 2015-ci ilin iyun ayının 1-nə olan statistikaya əsasən, Azərbaycanda qadın sahibkarların sayı 107 min nəfəri ötmüşdür. Bütövlükdə, sahibkarlıqla məşğul olan fərdi sahibkarların 19,4 faizini qadınlar təşkil edir.