Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dini mərasimlərdə uşaqların iştirakı ilə bağlı Münasibəti

2 October 2017

Share:

Son günlər uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı mətbuatda müzakirələr aparılır. Bir neçə gün əvvəl mətbuatda Dövlət Komitəsinin bu məsələ ilə bağlı məlumatı düzgün şərh edilməmişdir. 

Azərbaycan Respublikasının Konstitusiyanın 7-ci maddəsinə əsasən (“Azərbaycan dövləti“) Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

Azərbaycan Respublikasının Konstitusiyanın 17-ci maddəsinə əsasən  (“Ailə, uşaqlar və dövlət”) cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Uşaq hüquqlarının müdafiəsi sistemi çərçivəsində təhsildən yayınma və sağlamlığına zərər vurma hərəkətlərin qarşısının alınması məqsədilə dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Uşaqların sağlamlığa zərər vuran hərəkətlərin edilməsi yolverilməzdir və bu birbaşa Uşaq Hüquqları Konvensiyasının pozulmasıdır.

Həmin maddəyə əsasən uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.

Əks halda qanun pozuntusu qeydiyyata aldığı andan valideynlər öz hüquqlarında məhdudlaşa və ya ümumiyyətlə valideyn hüquqları ləğv edilə bilər.

Azərbaycan Respublikasının Ali qanununa, ölkə tərəfindən qoşulan beynəlxalq konvensiyalara əsasən uşaqlara qarşı zorakılıq və ayrı-seçkilik yolverilməzdir.

Dövlət Komitəsi müvafiq dövlət qurumları ila birgə, xüsusilə də yalnış stereotipləri aradan qaldırılması sahəsi üzrə maarifləndirmənin gücləndirməsi istiqamətində iş aparır, risk altında olan ailələri hüquqşunaslarla və psixoloqlarla təmin edir, məktəblərdə və ali təhsil ocaqlarında müvafiq təlim-tədris proqramlarını keçirir.

Hal-hazırda Komitənin regional mərkəzləri tərəfindən maarifləndirmə işləri gücləndirilir.

Dövlət Komitəsi uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşı olduğunu bir də vurğulayır. Bu məsələ ilə bağlı milli qanunvericilikdə boşluqlar olduğunu nəzərə alaraq, valideyn məsuliyyəti artırılmalıdır və beynəlxalq konvensiyalara əsasən qanunvericilikdə dəyişiklər edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 1 İyun 2016-cı il tarixli, 2074 nömrəli Sərəncamına əsasən Komitə tərəfindən “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” Qanun layihəsi hazırlanmışdır. Qanun layihəsi uşaqların zərərli infromasiyadan qorunması, ölkə ərazisində informasiya məhsullarının yayılması ilə bağlı münasibətləri tənzimləyir. Uşaqların onlara zərər vuran informasiyadan qorunması üçün bu sahəyə dövlət nəzarətinin olması vacibdir.

Yuxarıdakıları nəzərə alaraq, Qanun layihəsinin qəbul edilməsi   həmçinin kütləvi mərasimlərin təşkili zamanı uşaqların mənafeyinin üstün tutulması prinsipinə riayət olunmasına imkan verəcəkdir. Qanun layihəsi Komitə tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasına təqdim edilmişdi. Yaxın vaxtlarda Qanun layihəsinin Milli Məclisdə müzakirəsi gözlənilir.

Müasir Azərbaycanda uşaqları onların sağlamlığına və inkişafına mənfi təsir edə biləcək kütləvi tədbirlərə cəlb edilməsi yolverilməzdi. Dövlət Komitəsi valideynlərin bu məsələyə məsuliyyətlə yanaşmağa çağırır.