Komitə tərəfindən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində növbəti tədbir keçirilib
Share:
Xüsusi qayğıya ehtiyacı olan, əlilliyi olan uşaqların reabilitasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün onlara digər vətəndaşlarla bərabər imkanların yaradılması istiqamətində işlərin həyata keçirilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə Komitə tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Növbəti tədbir 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2 iyun 2015-ci il tarixində, Nizami rayonu, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində keçirilib.
Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Milli Məclisin Sosial SiyasətKomitəsinin sədri Hacı Rəcəbli, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk və millət vəkilləri iştirak edib.
Qonaqlar ilk növbədə Daun Sindromlu şəxslərin rəsm işlərindən ibarət nümayiş olunan sərgiyə baxıblar, mərkəzi gəzərək burada daun sindromlu uşaqlar üçün yaradılan şəraitlə tanış olublar.
Tədbiri giriş sözü ilə Qayğı – Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva açaraq, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi işində görülən işlər, bu istiqamətdə qəbul edilən qanunları diqqətə çatdırıb.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova çıxış edərək, vurğulayıb ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb və Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olub. Həmçinin, mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib və uşaq hüquqlarının müdafiəsinə, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət proqramları, Tədbirlər planları qəbul edilib.
Daha sonra Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hacı Rəcəbli, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış ediblər.
Həmçinin, tədbir müddətində daun sindromlu uşaqların hazırladıqları musiqili səhnəciklər də nümayiş etdirilib.