“Avropanı uşaqlar üçün quraq” maarifləndirmə kampaniyası
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa Şurası ilə birgə “Avropanı uşaqlar üçün quraq” kampaniyası çərçivəsində 2016-2018-ci illər uşaq hüquqlarına dair növbəti strategiyasının hazırlıq mərhələsində uşaqların fikirlərini öyrənmək məqsədilə Bakı Avropa liseyində və Göygöl rayonunda “Uşaq hüquqları” və “Zorakılıq” mövzularında məsləhətləşmələr aparılmışdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların da iştirak etdiyi tədbirdə iştirakçılar öncədən hazırlanmış anket sorğu vərəqini doldurmuş, qruplara ayrılaraq müzakirələr aparmışlar.
Uşaq hüquqlarına dair təqdimatın nümayiş olunduğu tədbirdə 5 qrup rəhbərlərinin hər biri öz çıxışlarında əsasən təhsil almaq, yaşamaq, asudə vaxtlarının səmərəli təşkili üçün uyğun şəraitin yaradılması, bərabərlik, istirahət hüquqlarını, ailədə uşaqlara qarşı cinsi ayrıseçkilik, psixoloji, fiziki zorakılıq, erkən nikah hallarının aradan qaldırılmasını qeyd etmişlər. Uşaqlar həmçinin ailədə valideyn uşaq münasibətlərinin düzgün qurulması üçün valideynlərlə psixoloji məsləhətlərin aparılması təklif edilmişdir. Göygöl rayon Heydər Əliyev parkında davam edən tədbirdə uşaqlarla əyləncəli oyunlar keçirilmişdir.