Prezident İlham Əliyev avstriyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Share:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 18-də Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasin ölkəmizə səfərinin uğurlu olduğunu, nazirliklərdə və təşkilatlarda keçirilən çoxsaylı məhsuldar görüşləri və onlara göstərilən qonaqpərvərliyi məmnunluqla qeyd edib. Azərbaycanın çox maraqlı və əməkdaşlıq üçün açıq ölkə olduğunu vurğulayan avstriyalı nazir ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib. Sofi Karmasin deyib ki, ölkəsi Azərbaycana müvafiq nou-hauların həyata keçirilməsi işində dəstək verməyə hazırdır. O, iyulun 17-də Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olarkən ona ölkəmizdə elektron hökumətlə bağlı maraqlı layihələr barədə məlumat verildiyini deyib. Qonaq bu layihələrin Avstriya üçün çox böyük maraq doğurduğunu və gələcəkdə həmin layihələrin öyrənilməsində və tətbiq edilməsində maraqlı olduqlarını bildirib.
Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasin SOCAR-da keçirdiyi görüşlərdən də məmnunluq ifadə edərək orada da ətraf mühitin qorunması ilə bağlı maraqlı layihələrlə tanış olduqlarını diqqətə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya arasında tərəfdaşlıq əlaqələrinin yeni sahələri əhatə etmək məqsədilə əməkdaşlıq formatının genişləndirilməsinin vacibliyini bildirib. Dövlətimizin başçısı Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasinin Azərbaycana səfərinin məhsuldar olacağına və yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək bu səfərin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.
Sonda xatirə şəkli çəkilib.