Qəbələ rayon Yengicə kəndində “Məişət zorakılığı və onun yaranma səbəbləri” mövzusunda tədbir keçirilib
Share:
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə dekabrın 16-da insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə Qəbələ rayon Yengicə kənd məktəbində “Məişət zorakılığı və onun yaranma səbəbləri“ mövzusunda tədbir keçirilib. Qəbələ rayon qeydiyyat idarəsinin rəisi, rayon məhkəməsinin, polis şöbəsinin əməkdaşlarının və icmadan olan insanların iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verib, məişət zorakılığı ilə əlaqədar maarifləndirmə işlərinin aparıldığına baxmayaraq, bu sahədə hələ də problemlərin olduğunu, məişət zorakılığı nəticəsində ailələrdə, uşaqlarda psixoloji gərginlik yarandığını qeyd ediblər. Qeydiyyat idarəsinin rəisi 2015-ci il ərzində boşanma ilə əlaqədar olan 151 müraciətin əksəriyyətinin məişət zorakılığı və ailə münaqişəsi səbəbindən baş verdiyini bildirib.
İcma üzvləri müzakirələrdə aktiv iştirak edib və bu sahədə maarifləndirmə tədbirlərinin daha geniş auditoriyada təşkil edilməsi təklifini irəli sürüblər.