İnsan alverinə qarşı mübarizə məqsədilə Saatlı və Sabirabad rayonlarında maarifləndirici tədbir keçirildi

1 November 2016

Share:

Noyabrın 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İnsan alverinə qarşı mübarizə məqsədilə Saatlı və Sabirabad rayonlarında maarifləndirici tədbir keçirildi. Sabirabad rayon Mürsəlli kənd orta məktəbində və Saatlı rayon Varxan kənd orta məktəbində baş tutan tədbirlərdə məktəbin şagird və müəllim  heyəti iştirak etdi. Tədbirin keçirilməsində məqsəd insan alveri problemlərinin regionlarda sosial-psixoloji aspektlərinin öyrənilməsi, bu halı yaradan səbəblərin müəyyənləşdirilməsi üçün sorğunun keçirilməsi və  insan alveri qurbanı olmaq riskinin azaldılması məqsədilə sosial-psixoloji məsləhətləşmələrin keçirilməsi idi.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin, Rayon Təhsil şöbəsinin, Saatlı, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri məsələnin aktuallığını, bu sahədə maarifləndirmə işinin əhəmiyyətini və “insan alverinin insanlığa qarşı cinayət” olduğunu qeyd etdilər. Tədbirdə həmçinin, insan alverinin nə demək olduğu, yeniyetmələrin və valideynlərin diqqət yetirmələri lazım olduğu məqamlar, risk qrupuna daxilolma amilləri, kimlər vasitəsilə insan alveri qurbanına çevrildiyimiz, həmin insanların öz qurbanlarının sayını artırmaq üçün hansı üsullardan istifadə etdikləri barədə ətraflı məlumat verildi.

Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər paylandı.