“Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək
Share:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2016-cı ildən etibarən əhali, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, siqaret) qarşı mübarizənin gücləndirilməsi və ictimai nəzarətin artırılmasıməqsədi ilə “Mən həyatı seçirəm” adlı maarifləndirmə layihəsi həyata keçirilir.
Cari ildən etibarən layihə çərçivəsində valideyn və şagirdlər üçün maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Nəsimi, Nərimanov və Xətai rayonlarında yerləşən orta məktəblərdə yuxarı sinif şagirdləri və valideynlərlə keçiriləcək 2 hissəli görüşlərdə:
- Valideyn-uşaq münasibətləri
- Müəllim və valideynlər arasında qarşılıqlı əlaqənin qurulması
- Ailədə baş verən konfliktlərdən necə qorunmalı
- Yeniyetmə dövrünün çətinlikləri və onların profilaktik həlli
- Reproduktiv sağlamlıq
- Zərərli vərdişlərə qarşı mübarizə
- İnternet təhlükəsizliyi
- Hüquqi maarifləndirmə
kimi mövzular ətrafında təqdimatların və “Azərbaycan ailəsi” film festivalına təqdim olunan mövzuya uyğun filmlərin maarifləndirmə məqsədi ilə nümayişi, Komitə tərəfindən hazırlanmış və çap edilmiş maarifləndirmə vəsaitlərinin paylanması və müzakirələrin aparılması planlaşdırılır.
Qeyd olunan istiqamətdə növbəti tədbir 2 mart 2017-ci il tarixində saat 12:00-da Nəsimi rayonunda yerləşən 19 nömrəli tam orta məktəbdə keçiriləcək. Tədbirdə Komitə əməkdaşlarının (sosioloq, psixoloq və hüquqşünas qismində), valideynlərin və məktəbin yuxarı sinif şagirdlərinin iştirakı nəzərdə tutulub.