Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatı
Share:
Son günlər bir neçə internet informasiya ehtiyatlarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bağlı heç bir əsası olmayan, açıq aydın şəkildə sifariş xarakterli yalan məlumatlar yayılmışdır.
Heç bir jurnalist araşdırması aparmadan, heç bir sübut olmadan dövlət uşaq siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının uşaq oğurluğunda ittiham olunması ilə bağlı absurd məlumatları yayan bəzi redaksiyalar bu yolla təəssüflər olsun ki, vətəndaşlarımızın dövlətçiliyimizə etimadını zəiflədir, ona xələl gətirirlər. Bu cür böhtan xarakterli məlumatların yayılması jurnalistin peşə etikasına ziddir və məsuliyyətsizlikdir.
Qanunvericilikdə vətəndaşlar arasında yaranmış ailə məsələləri ilə bağlı mübahisələrin məhkəmə yolu ilə həll edildiyi təsbit edilmişdir. Təəssüflər olsun ki, Komitə öz təcrübəsində bəzən öz maddi marağını güdməklə hüquqlarını müdafiə etdikləri müştərini aldadaraq, ona qanunvericiliyin tələblərini düzgün izah etməyən, vaxt qazanmaq məqsədilə müştərini yayındırmaqla süründürməçiliyə yol verən hüquqşünaslara rast gəlir. Vətəndaşın marağı baxımından bu cür şəxslərin vaxtında ifşa olunması gərəkdir.
14.02.2017-ci il tarixində Qırğızıstan Respublikasının vətəndaşı Merim Beişekeyevanın nümayəndəsi Abdulla Əfəndizadə hüquqlarını müdafiə etdiyi şəxsin ailə problemlərinin həlli ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Müraciətdən məlum olmuşdur ki, mübahisə artıq məhkəmənin icraatında olmuşdur və hazırda digər mübahisə ilə bağlı məhkəmədə iddia qaldırılıb. Vətəndaşa məsələnin həllinin Komitənin səlahiyyəti xaricində olduğu və qaldırdığı məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət etməsi tövsiyə edilmişdir.
Bəzi jurnalistlər tərəfindən vətəndaşlar arasında şəxsi və ailə həyatı ilə bağlı yaranmış mübahisələrin kütləvi informasiya vasitələrində daha da qızışdırılması və bundan sensasiya yaradılması, üstəgəl bu məsələlərdə Komitə rəhbərliyinin adının hallandırılması ciddi hüquq pozuntusudur.
Belə ki, Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Media nümayəndələrini dəqiq, qərəzsiz, obyektiv faktları özündə əks etdirən məlumatları yaymağa çağırırıq.