“Ailə Akademiyası” layihəsinə start verilir
Share:
Müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar ailə institutuna nəzərəçarpacaq təsir göstərməkdədir. Bununla əlaqədar olaraq, dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinə start verilir.
Layihənin Binəqədi rayonu üzrə açılış tədbiri 7 aprel 2017-ci il tarixində saat 11:00-da Binəqədi rayon İcra Hakimiyyəti və rayon üzrə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə Binəqədi rayon Yeni Azərbaycan Partiyasının binasında keçiriləcəkdir. Tədbirin rəsmi açılış hissəsi Azərbaycan Respublikasının Ədliyyə nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin, Milli Elmlər Akademiyası və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatın nümayişi, növbəti hissənin isə Binəqədi qəsəbə bələdiyyəsində rayon icma nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində keçiriləcək görüşlərdə gənclər, qadınlar, xüsusilə, gənc ailələr, sosial iştirakçılığı zəif olan insanlar cəmiyyətdə aktual olan mövzular ətrafında sosioloq, psixoloq, hüquqşünas və digər ekspertlərdən faydalı məlumatlar əldə edəcək, öz fikir və təkliflərini birbaşa olaraq çatdırmaqda faydalı olacaqdır. Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
“Ailə Akademiyası” genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində görüşlər cəmiyyət üzvləri ilə aktiv dialoq şəklində baş tutacaq, bu isə eyni zamanda, bələdiyyə orqanlarının yerlərdə nüfuzunun daha da artmasında faydalı olacaqdır.
Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.