“Gender problemləri və Media” mövzusunda 2 günlük seminar keçiriləcək
Share:
Azərbaycan Rerspublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində 2 – 3 may 2017-ci il tarixlərində saat 09:00-da “Excelsior Hotel Baku” mehmanxanasında “Gender problemləri və Media” mövzusunda 2 günlük seminarın keçirilməsi nəzərdə tutulmuşdur.
Beynəlxalq ekspertlərin, dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, jurnalistlərin iştirakı ilə keçiriləcək seminarın əsas məqsədi media tərəfindən gender problemlərinin, məişət zorakılığı məsələlərinin işıqlandırılması və Avropa İttifaqının təcrübəsinin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Seminarda media sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər - İsveçdən olan ekspert xanım Karin Milles, xanım Charlotte Niklasson, Polşadan olan ekspert xanım Marzena Kordaczuk-Was, Xorvatiyadan olan ekspert xanım Elizabeta Gojan, Litvadan olan ekspert Vanda Jurseniene, eləcə də media sahəsi üzrə ixtisaslaşmış yerli mütəxəssislər çıxış edəcəkdir.
Seminar çərçivəsində “Avropa Birliyində gender bərabərliyinin media vasitəsilə təbliği”, “Azərbaycan və Avropa Birliyi ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri”, “Məişət və gender əsaslı zorakılıqlar zamanı qadınların kütləvi mətbuatda balanslı və stereotiplərdən uzaq təsvirinin yaradılmasının təbliği”, “Azərbaycanda kütləvi mətbuatda və kütləvi mətbuat vasitəsilə gender bərabərliyinin təbliği sahəsində atıla biləcək növbəti addımlar” adlı 4 sessiya keçiriləcək.
Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini tədbiri işıqlandırmağa dəvət edirik. (Ünvan: “Excelsior Hotel Baku” mehmanxanası, Nərimanov rayonu, Heydər Əliyev prospekti 2)