İstedadlı uşaqlarla bağlı televiziya verilişi
Share:
Azərbaycan Respublikasında uğurla həyata keçirilən dövlət uşaq siyasətinin nəticəsi olaraq, bugün uşaqlar Azərbaycan Respublikasını beynəlxalq müsabiqə və yarışlarda təmsil edərək yüksək uğurlar qazanırlar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il olduğu kimi bu ildə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “İstedadlı uşaqlar festivalı-2014” keçirmişdir.
Festivalda öz nailiyyətləri ilə respublikanı ölkə hüdudlarından kənarda uğurla təmsil edən uşaqlar mükafatlandırılmışdır.
Komitə istedadlı uşaqların uğurlarını ictimaiyyətə çatdırmaq və həvəsləndirmək məqsədilə İctimai televiziyanın “Yeni Gün” səhər proqramında elm-təhsil, idman, yaradıcı-əl işi, rəsm və musiqi sahələri üzrə beynəlxalq səviyyədə uğur qazanmış, həmçinin Komitə tərəfindən kubok və diplomla təltif edilmiş uşaqların iştirakı ilə veriliş təşkil etmişdir.
Verilişdə Komitənin Uşaq Problemləri şöbəsinin məsləhətçisi Fərid Ədilov çıxış edərək hər il Komitə tərəfindən keçirilən “İstedadlı uşaqlar festivalı”, festivalın seçim meyarları, həmçinin Komitənin bu sahə üzrə apardığı işlərdən məlumat vermişdir.
Daha sonra Azərbaycan Respublikasını beynəlxalq müsabiqə və yarışlarda təmsil edərək yüksək nailiyyətlər əldə etmiş uşaqlar çıxış edərək qazandıqları uğurlar barədə məlumatlar vermiş, gələcək işlərindən danışmış, həmçinin Komitə tərəfindən onlara göstərilən mütəmadi dəstəyə görə öz minnətdarlıqlarını bildirmişlər. Verilişdə uşaqların qazandıqları medal və diplomlar, Komitə tərəfindən kubokla təltif edilmiş Suraxanı rayonu 104 saylı məktəbin 9-cu sinif şagirdi Ülkər Əmrahovanın rəsm əsərləri nümayiş olunmuş və böyük marağa səbəb olmuşdur.
Veriliş müddətində Suada Ələkbərova və azyaşlı Nuray Rəhman mahnı ifa etmiş, Nizami rayon Uşaq-gənclər Yaradıcılıq Mərkəzinin “Çiçəyim” uşaq teatr studiyasının yetirmələrindən ibarət azyaşlı uşaqlar rəqs nümayiş etdirmişlər.