15 may “Beynəlxalq Ailə günü”
Share:
Hər il 15 may-Beynəlxalq Ailə gününə rəngarəng tədbirlər düşünərdik. Bu il isə… bu il aprelin əvvəllərində baş vermiş 4 günlük müharibədə Azərbaycan onlarla igid oğlunu itirmişdi və onların qırx mərasimi 14-17 maya təsadüf edirdi. Təbii ki, bu ilki Ailə gününün qeyd ediləcəyi yeganə ünvan şəhidlərimizin ailələri ola bilərdi. Ona görə də Mərkəzin işçiləri, könüllüləri, rayon Mədəniyyət şöbəsinin, şəhər 2 və 4 saylı məktəblərin müəllimlərindən ibarət 14 nəfərlik bir qrupla şəhidin ailəsində – Maçaxı kəndində olduq.
Vahabov Mikayıl Yaqub oğlu ailənin 2 övladından birincisi idi və Sumqayıt Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdi, çox vətənpərvər bir oğul idi. Ailə üzvləri xatırlayırlar ki, Mikayıldan gözaltısı olub-olmadığını soruşanda:”yox, döyüşən orduya gedirəm, mənim düşmənə atılmamış gülləm, deyilməmiş sözüm var, ona görə də hələ hansısa qıza bir söz deyə bilmərəm” deyib. Mikayıl düşmənə sözünü deyərək Lələtəpə uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq həlak oldu. Düşmənə sözünü dedi, amma o qıza…
Bəlkə də dəfnində naləsi yeri-göyü inlədən tələbə yoldaşı olmuş o bəstəboy qaragöz qız idi Mikayılın sözünə ömürlük həsrət qalan, bəlkə də. Anası da elə düşünür.
Mikayılın ailəsi kənddə nümunəvi bir ailə kimi tanınır. Atası Yaqub kişi də, anası Ruqiyyə xanım da çox zəhmətkeş insandılar, övladlarının ölümü onları yandırıb yaxır. Ancaq bir təsəllisi var ailənin: Mikayıl torpaq uğrunda, Vətən uğrunda canından keçib, atası baş daşında da belə yazdırıb, bu, Mikayılın arzusu idi:
Fəxr eyləyin, dərd etməyin
Qarabağın qurbanıyam.
Beləcə, bu ilki Beynəlxalq Ailə gününü canını torpağına, Vətəninə fəda edən bir oğul yetirmiş ailədə qeyd etdik.
Başın sağ olsun, Vətən!