Komitə sədri Hicran Hüseynovanın Avropa İttifaqının gender və media məsələləri üzrə beynəlxalq ekspertləri ilə görüşü keçirildi

2 May 2017

Share:

02 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın ölkəmizdə səfərdə olan beynəlxalq ekspertlərlə görüşü keçirilib.

Görüşdə Komitə nümayəndələri, Polşadan olan ekspert, siyasi elmlər doktoru xanım Marzena Kordaczuk-Vas, Mikolas Romeris Universitetinin Gender Bərabərliyi Laboratoriyasının eksperti, Litva Sosial Təminat və Əmək Nazirliyinin gender bölgüsünün rəhbəri xanım Vanda Jurseniene, İsveç Respublikasının Sodertorn Universitetinin professoru Karin Milles iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonaqları salamlayaraq, onlara təlimçi qismində seminarda iştirak etdiklərinə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən mühüm işlər  və qanunvericilikdə aparılan təkmilləşdirmələr barədə məlumat verərək bildirib ki, dövlət qurumlarında gender əlaqələndiriciləri təyin edilmişdir, eyni zamanda məişət zorakılığı ilə bağlı bütün regionlarda monitorinq qrupları fəaliyyət göstərir.

O, Azərbaycanda gender məsələlərinin və qadın problemlərinin mediada işıqlandırılması məsələsinə toxunaraq, bildirib ki, bu istiqamətdə jurnalistlər arasında yüksək səviyyəli peşəkar kadrların və ayrı-ayrı sahələr üzrə jurnalist-ekspertlərin yetişdirilməsi çox vacibdir.

Komitə sədri bildirib ki, bu gün ailə və milli-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində, eyni zamanda məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır. “Lakin bir məsələni də vurğulamaq istəyirəm ki,  jurnalistlərimiz ailədaxili problemlərin, qadınlarla əlaqəli məsələlərin mətbuatda işiqlandırılması zamanı xüsusilə həssas olmalıdırlar”.

Polşadan olan ekspert, siyasi elmlər doktoru Marzena Kordaczuk-Vas, Mikolas Romeris Universitetinin Gender Bərabərliyi Laboratoriyasının eksperti, Litva Sosial Təminat və Əmək Nazirliyinin gender bölgüsünün rəhbəri Vanda Jurseniene və İsveç Respublikasının Sodertorn Universitetinin professoru Karin Milles görüş üçün təşəkkürlərini bildiriblər. Onlar Azərbaycan mediasında qadın məsələlərinin obyektiv şəkildə işıqlandırılması, jurnalistlərin peşəkar fəaliyyəti üçün təlimlərin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində “Gender problemləri və Media” mövzusunda 2 günlük seminar keçirilir. Seminarlarda Marzena Kordaczuk-Vas, Vanda Jurseniene və Karin Milles təlimçi qismində iştirak edirlər.